Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə bəyanat göndərdi
Avropa Azərbaycanlıları Konqresi "1992-ci ildə Xocalı sakinlərinə
qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa
Parlamentinin Xarici siyasət komitəsinin sədri Elmar Brok və İnsan
hüqüqları komitəsinin üzvü Elizabet Yeqqleyə bəyanat və sorğu ilə
müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə
verilən məlumata görə, eyni zamanda AAK Avropa Parlamentinin 300-ə
qədər üzvünə ünvanlanmış müraciətdə Avropa Parlamentindən Dağlıq
Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq
həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər
tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirdiyi soyrıqırım
aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsini
tələb edib.
Müraciətdə həmçinin Xocalı soyqırımının beynəlxalq ekspetlər
komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv
olan ölkələrin başçılarından münaqişənin həlli yolunda və sülhün
əldə edilməsində cəhd göstərmələri istənilmişdir. Daha sonra
müraciətdə bildirilir ki, sülh Cənubi Qafqazda ortaq coğrafi
mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların
birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir.
Müraciətin sonunda AAK münaqişənin həlli ilə bağlı indiyə qədər
qəbul edilmiş qərar və bəyanatlara istinad edərək və Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə
Bəyanatın Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyinə
və bu yolda yeni səylər göstəriləcəyinə ümid etdiyini
vurğulayıb.