Əlaqə Arxiv
news Image
2014.02.22
20:30
| A A A
Erməni diasporu Fransada Xocalı ilə bağlı anım tədbirlərinə mane olmağa çalışır

Fransada erməni diasporunun radikal dairələri Xocalı soyqırımı ilə bağlı tədbirlərə mane olmağa çalışır.


Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, TEAS fevralın 24-də Avropanın bir sıra şəhərlərində olduğu kimi, Parisdə 18-ci əsrə aid Eglise Saint-Roch kilsəsində Xocalı anım konserti təşkil edəcək. Bu müqəddəs məbəddə baş tutacaq anım konserti ilə Xocalıda baş vermiş soyqırımı yad ediləcək.

 

Tədbirdə skripkaçı Sabina Rakçayeva, klarnet ifaçısı Kinan Azmeh ilə birlikdə simli kvartet, o cümlədən skripkaçı Nəzrin Rəşidova rəhbərlik etdiyi DeMusa ansamblı ilə çıxış edəcəklər. Konsertdə fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunacaq. Tədbirə Parisdə yaşayan azərbaycanlılar, Fransa ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar  və diplomatik korpusun nümayəndələri dəvət edilib.

 

Azərbaycan Avropa Cəmiyyətinin yaydığı bəyanatda bildirilir ki, anım mərasimi ərəfəsində Fransadakı erməni diasporunun radikal hissəsi tərəfindən əks təbliğat və təhdidlər başlayıb: "Fransadakı erməni internet saytında bu tədbirin pozulması üçün hansı üsullardan və necə istifadə edilməsinə dair qızışdırıcı debatlar təşkil edilib. Bu debatlar zamanı tədbirin təşkilatçılarının ünvanına təhqiramiz və böhtan dolu ifadələr işlədilib. Eyni zamanda TEAS əməkdaşları və tədbirlə bağlı olan insanların ünvanına hədə-qorxular edilməkdədir. Təsəvvür edilməsi çox çətindir ki, bu hadisələr Fransada -  "azadlığın, bərabərliyin, qardaşlığın" beşiyində baş verir.

 

TEAS yaranmış vəziyyətdən ciddi narahatlığını bildirir, özlərini bu kimi təhrikedici şəkildə ifadə edən insanlardan əməllərinə görə məsuliyyət daşımalarını gözləyir və Xocalı qətliamı qurbanlarının mədəni anım tədbiri vasitəsi ilə yad edilməsi mərasiminin təşkilinə hörmətlə yanaşmağa çağırır.

 

TEAS-ın direktoru Lionel Zetter erməni diasporunun bu hərəkətini pisləyib: "Fransa konfliktin həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu, çox liberal demokratik ölkədir və özünün "azadlığın, bərabərliyin, qardaşlığın" beşiyi olması ilə fəxr edir. Biz əminik ki, Fransa hakimiyyəti bu dəyərli anım tədbirinin heç bir maneəsiz  və müdaxiləsiz baş tutmasına nail olacaq. Fransada yaşayan ermənilərin böyük əksəriyyəti konfliktin sülh yolu ilə həll edilməsini istəyir. Çox təəssüfləndirici haldır ki, bəzi davakar düşüncəli radikallar məsələnin sülh yolu ilə həllində maraqlı deyil. TEAS-ın əməkdaşları və bu tədbirlə bağlı olan digər insanların narahat edilməsi və hədə-qorxuya məruz qalması tamamilə qəbuledilməzdir".

 

Sizin Reklam Yeriniz