Əlaqə Arxiv
news Image
2014.02.24
19:27
| A A A
Bakıda polis rəisinin müavinini yaralayan şəxs həbs edildi
Əməliyyat-axtarış tədbirləri nəticəsində Gülağa Lətifov yaşadığı evin yaxınlığında saxlanılıb

Ötən gün Bakının Sabunçu rayonunda qanlı cinayət törədən şəxsi polis yaxalayıb. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsi polis evində tutub


Belə ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gülağa Lətifov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun "Nissan Qashqai" markalı avtomobili də polis tərəfindən götürülüb. Gülağa Lətifovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.


Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.


İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb. 


Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. 

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Sizin Reklam Yeriniz