Əlaqə Arxiv
news Image
2014.02.24
23:37
| A A A
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Azərbaycanın Küveytdəki səfirliyindən movqe.az-a verilən məlumata görə, faciənin ildönümü ərəfəsində Küveytin məscidlərində cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılıb, onlara Allahdan rəhmət dilənib. Fevralın 23-də Azərbaycan Respublikasının Küveytdəki səfirliyində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, ölkə ictimaiyyətinin üzvlərinin iştirakı ilə tədbir keçirilib. Öncə Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycanın Küveyt Dövlətindəki səfiri Tural Rzayev və səfirliyin müşaviri T.Xəlilov tədbirdə çıxış edərək, 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıblar. Həmçinin ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra tədbir iştirakçıları "Xocalı" sənədli filminə tamaşa edib, səfirlikdə təşkil olunmuş fotostendlə tanış olublar. Eyni zamanda, Xocalı Soyqırımı ilə bağlı səfirliyimiz və Türkiyə Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə burada fəaliyyət göstərən Türk orta təhsil məktəbində "Xocalı uşaqların gözü ilə" adlı ekspozisiya nümayiş etdirilib. Ekspozisiyanın rəsmi açılışında Türkiyə Respublikasının Küveytdəki səfiri Murat Taner və səfirliyin əməkdaşları, Şimali Kipr Türk İcmasının Küveytdəki Ticarət nümayəndəsi Hilmi Akıl, məktəbin direktoru Müzəffər Çeven və məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Tədbirdə çıxış edən Murat Taner, Hilmi Akıl və məktəbin direktoru Müzəffər Çeven Xocalı şəhidlərinin xatirəsini yad edib və Azərbaycan xalqı ilə həmrəyliklərini vurğulayıblar. Səfir Tural Rzayev tədbirin təşkilində göstərilən köməyə və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirərək, Xocalıda baş verən vəhşiliklər barədə ətraflı məlumat verib. Ekspozisiya mart ayının 2-nə kimi davam edəcək. Bununla yanaşı fevral ayının 23-də Küveytdə böyük oxucu kütləsinə malik yüksək tirajla nəşr edilən "Əl-Ray" qəzetində səfir Tural Rzyevin "Xocalı Soyqırımı" adlı geniş məqaləsi nəşr edilib.
Sizin Reklam Yeriniz