Turizm sahəsində mövcud problemlərdən biri də kadr çatışmazlığı ilə bağlıdır. Belə ki, Azərbaycanda turistlərin qarşılanması, gəzdirilməsi, tarixi yerlərin tanıdılması üçün fəaliyyət göstərən peşəkar bələdçilər çox azdır. Halbuki, bu turizmin inkişafı üçün mühüm amillərdən biridir. Mövcud kadr çatışmazlığı, təəssüf ki, ölkə turizminin inkişafının qarşısını alır.
Bizdə bir çox hallarda peşəkar
bələdçilər yerinə otel işçilərinin turistlərə yol göstərdyini deyən
turizm üzrə ekspert Elxan Vəliyev insanların bələdçiliyə
marağının artırılması üçün stimullaşdırıcı addımlar atılmasını
təklif edir: "Gələn qonaqlara ölkənin tanıdılmasında mühüm
amillərdən biri bələdçinin keyfiyyətli xidmət göstərməsidir. Əgər
bələdçi məlumatları turistlərə kifayət qədər yaxşı çatdırmasa, onun
fəaliyyəti artıq qonaqların ölkəmiz haqda müsbət düşüncələrinin
yaranmasına səbəb olmayacaq. Bizdə bir çox hallarda xüsusi
peşəkarlar yox, ayrı-ayrı otellərin işçiləri məcburən bələdçilik
edirlər. Ümumiyyətlə, turizm sahəsində konkret olaraq işçilər
ixtisaslaşdırılmalıdır. Konkret işçilər olmalıdırlar ki, bu sahəni
inkişaf etdirsinlər. Otel işçiləri yox, xüsusi peşəkar bələdçilər
turistlərlə maraqlanmalıdırlar. Bu kimi məsələlər artıq ortaya
qoyulmalı və məsələnin həlli üçün addımlar atılmalıdır. Ölkədə
turizm inkişaf etdikcə, bu məsələlər artıq geniş vüsət aldığından
həlli yolları axtarılır. İnşallah, gələcək dönəmdə nəticələr də
görəcəyik. Məsələn, əvvəllər Turizm İnstitutu yox idi. Onda
vəziyyət daha acınacaqlı idi. Son illərdə Turizm İnstitutu
yaradılıb və zamanla bu məsələlər öz həllini tapacaq.
Hal-hazırda qismən də olsa turizm sahəsində problemlər həll
olunmağa başlayıb. Amma hələ də xidmət keyfiyyətli səviyyədə
deyil".
Ekspert Azərbaycanda xarici ölkələrdəki kimi turizm xidmətlərinin təlimini həyata keçirən kurs mərkəzlərinin yaradılmasını da təklif edir: "Ümumiyyətlə, xarici ölkələrdə bütün istiqamətlərə uyğun kurs mərkəzləri var. Eləcə də turizm işçilərinin yetişdirilməsi üçün. Təəssüflər olsun ki, bizdə elə kurs mərkəzləri yoxdur. Yaxşı olar ki, bu təcrübə Azərbaycanda da tətbiq olunsun. Sırf otelçiliklə bağlı, bələdçilik və s. xidmətlər bu cür kurslarda təlim edilə bilər. Bizdə bir çox hallarda yeni-yeni otelləri peşəkar şəkildə idarə etmək üçün, xidmətləri həyata keçirmək üçün insanlar xarici ölkələrə üz tutur, orda təcrübə keçib bura qayıdırlar. Xaricdə təşkil olunan kurslar Azərbaycanda da təşkil olunsa, artıq bizdə də tələblərə cavab verən bələdçilər yetişə bilər".
Elxan Vəliyev yaxın gələcəkdə dövlət tərəfindən atılan addımlar sayəsində bu sahədə ciddi irəliləyişlərin müşahidə olunacağını düşünür: "İnkar eləmək olmaz ki, bizdə də tələblərə cavab verən peşəkar bələdçilər var. Amma onlar çox az saydadır. Bu sahədə kadr çatışmazlığı həm də onunla bağlıdır ki, həm turizm şirkətləri, həm də otellər bələdçilərə o qədər az məvacib verirlər ki, insanlar bu işdən uzaq düşürlər. Yəni əmək haqqının az olması da, ölkədə peşəkar bələdçilərin sayca az olmasının səbəblərindən ən mühümüdür. Düzdür, son dövrlərdə əmək haqlarının qaldırılması üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Ona görə də, gələcəkdə bu problemin də öz həllini tapacağı gözlənilir.
Beləliklə, ilk növbədə xüsusi kurs mərkəzlərinin yaradılması, ikinci məsələ olaraq isə, əmək haqlarının qaldırılması təklif edilir. Bələdçinin peşəkar fəaliyyəti lazımi şəkildə qiymətləndirilməlidir. İnsanları bu işə stimullaşdırmaq lazımdır. Mədəniyyət Və Turizm Nazirliyinin nəzdində yaradılmış Turizm asossiasiyasının rəhbərliyi ilə ölkədə bu kursların yaradılması nəzərdə tutulub. Kadr çatışmazlığının aradan qaldırılması üçün addımlar atılır və yaxın gələcəkdə nəticə əldə olunacağı gözlənilir".
Bələdçilərin az olmasının
ölkənin tanıdılması üçün ciddi maneəlöər törətdiyini deyən
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın
İsmiyev Nazirliyin bu problemin həlli üçün çalışıdığını bildirdi:
"Düzdür, bu gün Azərbaycanda peşəkar bələdçilərin sayı azdır.
Bu, ölkə turizminin tanıdılmasında, ölkəmizin xarici qonaqlara,
turistlərə təqdim olunmasına ciddi maeələr törədir. Problem ondan
ibarətdir ki, insanlar bu sahənin necə perspektivli olduğunu,
gəlirliliyini anlamırlar. Ona görə bu işə maraq göstərmirlər.
Nazirlik bu sahədə kadrların artırılması üçün bir sıra addımlar
atır. Biz çalışırıq ki, peşəkar mütəxəssislər yetişdirək. Bunun
üçün Turizm İnstitutunun nəzdində yaradılmış peşə məktəbində də
xüsusi kadrlar yetişdirilir. Bu təhsil ocağının məzunları
artıq bu sahədə peşəkar kimi fəaliyyət göstərirlər. Bələdçilik üçün
isə, xüsusi kurslar olmalıdır. İnsanlar o kurslarda təlim almalı,
imtahan verməli və şəhadətnamə almalıdırlar. Bizdə bunun üçün
xüsusi kurslar yox, peşə məktəbi var".