Türkiyə paytaxtında Xocalı abidəsinin rəsmi açılış mərasimi keçirilib
Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin
Keçiörən rayonu ərazisində Xocalı şəhidlərinin xatirəsinə həsr
olunmuş abidənin açılış mərasimi keçirilib. APA-nın Türkiyə müxbirinin xəbərinə görə,
açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" kampaniyası
çərçivəsində göndərdiyi müraciət oxunub. Tədbirdə çıxış edən
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı soyqırımı
barədə məlumat verdikdən sonra abidəni qoyan Keçiörən bələdiyyəsinə
təşəkkürünü bildirib. Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini
Ziyafət Əsgərov son 200 ildə ermənilərin türklərə qarşı
törətdikləri soyqırımları xatırladaraq, bundan sonra bu cür
faciələrin yaşanmaması üçün Türkiyə ilə Azərbaycanın öz qüvvələrini
birləşdirməsinin vacib olduğunu deyib. Dünyada gücün önəminə
diqqəti cəlb edən Ziyafət Əsgərov, Azərbaycanın getdikcə
güclənməsinin nəticəsi olaraq dünyanın təxminən 20 ölkəsinin
parlamentinin Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdiklərini
və prosesin davam edəcəyini söyləyib.Sonra çıxış edən millət vəkili
Qənirə Paşayeva Xocalı hadisəsinin bütün türklərə qarşı həyata
keçirilən soyqırım olduğunu vurğulayaraq soyqırımı törədən Robert
Koçaryan və Serj Sarkisyan kimi adamların Ermənistana rəhbərlik
etmək yerinə, beynəlxalq məhkəmələrə çıxarılmalı olduğunu nəzərə
çatdırıb. Abidənin açılışında Azərbaycandan millət vəkilləri Arif
Rəhimzadə, Kamilə Əliyeva, Türkiyə millət vəkilləri, iqtidardakı
Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, İstanbul
millət vəkili İsmail Safi də çıxış ediblər. Türkiyə Böyük
Millət Məclisinin sədri Cəmil Çiçək mərasimdəki çıxışında bildirib
ki, bu abidə Dağlıq Qarabağda yaşananları unutmamaq və unutdurmamaq
üçün inşa edilib: "Bu gün burada öz acılarımızı xatırlamaq üçün bir
araya gəlmişik. Bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin
təməlində qardaşlıq dayanır. Qardaşlar bir-birilərinin sevinclərini
və kədərlərini paylaşır. Biz Anadolu türkləri, Azərbaycan
türklərini özümüzə öz varislərimiz qədər yaxın hiss edirik,
bir-birimizi ayrı dövləti olan bir millət kimi görürük. Azərbaycan
bizim ikinci dövlətimizdir. 100 il əvvəl Balkanlarda və Anadoluda
yaşadığımız acılar kimi, 22 il əvvəl Dağlıq Qarabağda böyük bir acı
yaşadıq. Millət olaraq bizə böyük iztirab verən bu acını
unutmamalıyıq. Çünki başqalarının acılarına diqqət göstərib öz
acılarımızı unutsaq, bir millət kimi öz keyfiyyətlərimizi
itirərik". C. Çiçək qeyd edib ki, Xocalı qətliamı adi bir kütləvi
qətl deyil, Qafqazda erməni işğalçılığının bir təzahürüdür. O bəyan
edib ki, bu qətlləri törədən bütün canilər məsuliyyətə cəlb
olunmalıdır: "Eynilə Bosniyada soyqırım törədən canilər Miloşeviç
və Karaciç kimi, qeyri-rəsmi məlumatlara əsasən Xocalıda 1300
qardaş-bacımızı qətlə yetirmiş canilər də beynəlxalq məhkəmədə
mühakimə olunmalıdır".
TBMM sədri deyib ki, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır: "Biz Türkiyə olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün üzərimizə düşən hər işi görməyə hazırıq. Bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalına son qoymağa çağırırıq".
TBMM sədri deyib ki, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır: "Biz Türkiyə olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün üzərimizə düşən hər işi görməyə hazırıq. Bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalına son qoymağa çağırırıq".
Mərasimdən sonra TBMM sədri Cəmil Çiçək Azərbaycan Milli Məclisinin Ankarada səfərdə olan nümayəndə heyətini TBMM-də qəbul edib.