40 yaşlı azərbaycanlı qadının Polşada barda başına gələnlər...-Eksklüziv
Mətanət Əzizova: "Azərbaycandakı nikah agentliklərinin təcrübəsində bir neçə belə hadisəyə rast gəlinib"
"Azərbaycanda "nikah agentlikləri"nin fəaliyyəti ciddi
yoxlanılmalıdır. Bəzən həmin agentliklərin vasitəsilə ailə quran
qadınlar sonda insan alverinin qurbanına çevrilirlər.
Azərbaycandakı nikah agentliklərinin təcrübəsində bir neçə belə
hadisəyə rast gəlinib". Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizovanın sözlərinə görə,
hərdən qadınlar 35-40 yaşlarında insan alveri məqsədilə ailə qurmaq
təklifinin olacağına inanmasalar da Azərbaycanda agentlik
vasitəsilə ailə quran qadınlardan bir neçəsi insan alverçilərinin
əlinə keçib: "Azərbaycanda belə bir fakt qeydə alınmışdı ki, 40
yaşlı qadın ölkədə fəaliyyət göstərən nikah agentliyi vaitəsilə
polşalı bir kişi ilə tanış olub. Həmin qadın Polşa vətəndaşı olan
kişinin onunla saf niyyətlə ailə qurduğuna inansa da, sonda həmin
kişi tərəfindən fahişəliklə məşğul olmağa vadar edilib. Polşa
vətəndaşı olan həmin kişi azərbaycanlı qadını münasibətinin ciddi
olduğuna inandırmaq məqsədilə Azərbaycana gəlib. Burada bir neçə
gün qaldıqdan sonra onu Ukrayna sərhəsindən qanunsuz yolla keçirib.
Polşaya çatdıqda isə onu bara təhvil verib. Azərbaycanlı
qadın bir müddət həmin ölkədə məcbur fahişəliklə məşğul olub".
M. Əzizova buna bənzər bir hadisənin Azərbaycandakı nikah agentliyi vasitəsilə Türkiyə vətəndaşı ilə evlənən bir qadının da başına gəldiyini söyləyib.
Mərkəz rəhbəri ölkəmizdə fəaliyyət göstərən nikah agentliklərinin DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzarətdə saxlamasının vacib olduğunu bildirib.