Əlaqə Arxiv
news Image
2014.03.01
10:59
| A A A
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Bakıda “Silk Wind” layihəsini müzakirə edib

"Silk Wind" layihəsi TRASEKA proqramının "Logistik proseslər və dəniz magistralları" layihəsi çərçivəsində Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən irəli sürülüb.

Layihənin məqsədi TRASEKA dəhlizinə əlavə yük axınlarının cəlb edilməsi üçün iştirakçı ölkələrin gömrük xidmətləri və daşıma prosesinin iştirakçıları arasında ilkin informasiya emalı sisteminin təbiqi ilə müntəzəm, effektiv konteyner qatarı marşrutunun yaradılması və kompleks logistik xidmətlərin göstərilməsidir.

Bu layihə mahiyyəti etibarilə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə 4 ölkənin - Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat potensialının və bu istiqamətdəki səylərinin birləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda, Çin Xalq Respublikası tərəfindən qərb əyalətlərinin inkişafı üçün həyata keçirilən "Qərbə doğru" inkişaf proqramı, Qazaxıstan ərazisində Jezkazqan-Beyneu yeni dəmiryolu xəttinin tikintisi, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi, eləcə də bu ölkələrdə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı aparılan tikinti və reabilitasiya işləri sözügedən layihənin irəli sürülməsi üçün əsas təşkil edib.

Qazaxıstan tərəfindən layihə üzrə blok-qatarın Dostık/Altınkol-Jezkazqan-Aktau limanı-Bakı limanı-Tbilisi-Qars marşrutu üzrə buraxılması təklif edilib.

Layihə çərçivəsində 2013-cü il mayın 13 -14-də tarixlərində Aktau və Bakı limanları arasında "Ro-Ro" və bərə daşımalarının inkişaf etdirilməsi istiqamətində Aktau limanında keçirilmiş Qazaxstan-Azərbaycan ikitərəfli görüşü zamanı qeyd olunan iki ölkənin Nəqliyyat nazirlikləri və gömrük qurumları arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib: yüklərin daha sürətli keçidinin təmin edilməsi üçün gömrük prosedurlarının təkmilləşdirilməsi və harmonizasiyası, iki ölkənin gömrük xidmətləri arasında ilkin informasiya mübadiləsi sisteminin tətbiqi və s.

Xatırladaq ki, 2012-ci ilin noyabrın 28-də Türkiyənin İzmir şəhərində keçirilmiş "Qara dəniz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında ticarət və beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfransda "Silk Wind" layihəsinin inkişafı istiqamətində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin Nəqliyyat nazirlikləri arasında "Nəqliyyat əlaqələrinin inkişafı və yük daşımalarının təşkili üzrə birgə fəaliyyət prinsipləri haqqında Anlaşma Memorandumu" imzalanıb.


Sizin Reklam Yeriniz