Əlaqə Arxiv
news Image
2014.03.03
15:04
| A A A
Əlilliyin müəyyən olunması avtomatlaşdırılacaq

Azərbaycanda artıq 25-dək tibbi-sosial ekspert komissiyasının (TSEK) tərkibi dəyişdirilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması ilə bağlı ötən ilin noyabrında verilmiş tapşırıqların icra vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib. Movqe.az xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib. Nazirin sözlərinə görə, əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur: "Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir".

S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını qeyd edib: "Bununla bağlı olaraq, müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq".


Nazir əvvəllər TSEK-lərin əlillik təyinatını təsdiqləyən formal qurum kimi mövcud olmuş Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin fəaliyyətinin yenidən qurulmasının və əlillik təyinatı ilə bağlı verilən qərarlara görə TSEK-lərin tam məsuliyyət daşımasının vacibliyini bildirib. S.Müslümov eyni zamanda əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraitinin göstərilməli olduğunu bildirib. "Lakin bir çox TSEK-lər tərəfindən bu qaydalara əməl edilmir və həmin bənddə qısa olaraq "əmək qabiliyyətsiz" sözü yazılır ki, bu da işəgötürənlərlə əlilliyi olan şəxslər arasında onların məşğulluğu və əmək münasibətlərinin pozulmasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə hallara son qoyulmalıdır".

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlillik təyinatı və əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatlarla bağlı məlumat verib. Bildirilib ki, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, həmçinin "2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi hazırlanıb.

Eyni zamanda, əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnaməyə dəyişiklər edilib. "Ehtiyata və ya istefaya buraxılmış (orqanlarda xidmət etmiş) vətəndaşlara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə" Təlimat hazırlanıb. Əlillər barədə vahid məlumat bazasının yaradılması məqsədilə hazırlanmış xüsusi proqram təminatı üzrə məlumatların TSEK-lər tərəfindən doldurulması işləri davam etdirilir. Bununla yanaşı, "Uşaq əlilliyinin səbəbləri və aradan qaldırılmasına dair" Tədbirlər Planı hazırlanmaqdadır.

Sizin Reklam Yeriniz