Kefal balıqlarının yeyilməsinə qadağa
Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu
növ balıqların istifadəsi zərərlidir və qadağan olunur. Bu
bəyanatla İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi
Məcid Bəxtiyari çıxış edib. Trend-in məlumatına görə, bu barədə
İRNA agentliyi xəbər verir.M.Bəxtiyari deyib ki, Xəzər dənizində
kefal balıqların ölüm halları günbəgün artmaqdadır: "Ölmüş kefal
balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan
xəstəlik həm insan, həm də heyvan üçün təhlükəlidir. 45 gün ərzində
ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun
nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ
balıqları yeməsini məsləhət görmürük".
Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar vasitəsi ilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb olub.Qeyd edək ki, İranın Mazandaran əyalətində hər il 6 min tona yaxın müxtəlif növ sümüklü balıqlar, o cümlədən kefal, ağ balıq və sazan balıqları ovlanır.