Azərbaycanda qadın polislərin sayı açıqlandı-Eksklüziv
Ehsan Zahidov: "Xidmətdə fərqlənən qadın əməkdaşların vəzifədə irəli çəkilməsi DİN rəhbərliyinin daimi diqqətində olan vacib məsələlərdən biridir"
Bu günlərdə Azərbaycan parlamentin sədr müavini Bahar Muradova
Milli Məclisdə keçirilən iclasda Azərbaycanda müvəqqəti saxlama
yerlərində polis əməkdaşları sırasına qadınların cəlb edilməsinə
ciddi ehtiyac oluduğunu söyləmişdi. Dünya praktikasını misal çəkən
B. Muradova bildirib ki, bu həm də həmin sistemdə gender
bərabərliyini qorumağa və bir sıra problemləri də həll edə
bilər. Movqe.az Azərbaycanda qadın polis əməkdaşlarının sayı
ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sual ünvanlayıb. DİN-nin
Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Movqe.az-ın sualına
cavab olaraq bildirib ki,daxili işlər orqanlarında xidmətkeçmə
haqqında Əsasnamədə də qeyd olunduğu kimi polisdə xidmətə
könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə
hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə
Azərbaycan dilini bilən, yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan
Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən qadınlar qəbul
olunurlar: "Buradan da aydın görünür ki, ölkəmizdə xanımların polis
sıralarında işləməsinə heç bir maneə, qadağa yoxdur . Hazırda
Respublikanın daxili işlər orqanlarında xidmət edən ümumi
əməkdaşların 8.4 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da
əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Ümumiyyətlə, son 10 ildə
DİO-da qadın əməkdaşların sayı ildən-ilə artır. Onu da qeyd etmək
lazımdır ki, müraciət edən xanımların DİO-ya qəbulu, xidmətdə
fərqlənən qadın əməkdaşların vəzifədə irəli çəkilməsi DİN
rəhbərliyinin daimi diqqətində olan vacib məsələlərdən biridir.
Xanım əməkdaşlarımız DİO-nun bütün xidmət sahələrində, əsasən də,
istintaq, təhqiqat, kadr, pasport, maliyyə, tibb, statistik
informasiya, informasiya kommunikasiyası, yetkinlik yaşına
çatmayanlarla profilaktiki işin təşkili, "102" və "Təhlükəsiz
şəhər" xidmətlərində müxtəlif vəzifələrdə, müxtəlif rütbələrdə
təmsil olunurlar. Polis qadın əməkdaşlarımızın bir hissəsi bu gün
"ASAN xidmət" mərkəzlərində də vətandaşlarımıza nümunəvi xidmət
göstərirlər. Yeri gəlmişkən, qarşıdan gələn 8 mart münasibətilə
qadın həmkarlarımı təbrik edirəm, onlara seçdikləri bu çətin və bir
o qədər də şərəfli peşədə yeni-yeni uğurlar arzulayıram".