Əlaqə Arxiv
news Image
2012.06.13
17:57
| A A A
Mətbuat Şurasında «Həqiqətə xidmətlərinə görə» mükafatının növbəti təqdimatı keçirildi - FOTOLAR

Movqe.Az xəbər verir ki, iyunun 13-də Azərbaycan Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin birgə təsis etdikləri "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimat mərasimi keçirildi. Müəllifi olduğu "Yol romanı"nda türk dünyası ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına görə "Ədalət" qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay mükafatın sayca beşinci laureatı elan olundu.

Mərasimi açan MŞ sədri Əflatun Amaşov "Həqiqətə xidmətlərinə görə"nin təsisi məqsədlərindən söhbət açdı. Mükafatın artıq 5-ci dəfə təqdim edildiyini deyən Şura sədri "Yol romanı"nı İ.Tuncayın dərin dünyagörüşünün, hadisə və prosesləri duymaq, görmək və özünəməxsus şəkildə oxucuya çatdırmaq məharətinin məhsulu adlandırdı: "İradə xanım təcrübəli, peşəkar və cəsarətli jurnalistdir. Bu onun yazılarında da hiss olunur."

Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı mükafata layiq görülən müəllifin əsərini dəyərləndirdiklərini açıqladı. "Müxtəlif şəxslər müxtəlif yerlərdə olurlar, cürbəcür hadisələrlə rastlaşırlar, amma onların heç də hamısı müşahidələrini bədiiləşdirmək bacarığında olmurlar. Bu xüsusiyyət dərin zəka və istedad sahiblərinə məxsusdur ki, İ.Tuncay ərsəyə gətirdiyi "Yol romanı"nda yaradıcı şəxs üçün zəruri olan bütün keyfiyyətləri, dəyərləri cəmləşdirə bilib."

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid İ. Tuncay yaradıcılığının bədii çalarlarla zənginliyini vurğulayaraq "Yol romanı"nda müəllifin hiss və duyğular aləminə bir növ, səyahət etdiyini bildirdi.

MM-in deputatı Aqil Abbasi isə həmin səfərlə bağlı fərqli səpkili yol qeydlərini qələmə almaq niyyətindən danışıb. Bunun çətinliyini ifadə edən A.Abbas fikrini belə əsaslandırıb ki, "Yol romanı"nın təsirinə düşmək istər-istəməz qaçılmazdır.

Digər çıxış edənlər də müəllifin intellektual bacarığından söz açaraq tələbə-gənclərin bu romanı mütləq oxumalı olduqlarını vurğuladılar. Onların fikrincə, Azərbaycanda tarixən mövcud olmuş və bu gün unudlmaqda olan bir ənənəni yaşadanlardan biri də İradə Tuncaydır.

Sizin Reklam Yeriniz