Bu gün Milli Teatr Günüdür
Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur.Böyük maarifçi
Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü
ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri"
komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də
bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın
böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları
Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə
bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil
edirdilər.1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan
sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında
da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını
birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də
Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət
rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Bu
gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir.
Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə
bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə
edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli
sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə
keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.Bu gün Bakı
şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə
Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu
tədbirlərə ev sahibliyi edir.Qeyd edək ki, Azərbaycan Prezidenti
İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında
Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.