Əlaqə Arxiv
news Image
2014.03.13
10:03
| A A A
Krımda yeni Qarabağ ssenarisi işə salınır
Asim Mollazadə: " Bu gün Krımda istifadə olunan bütün üsullar Azərbaycanın Dağlıq Qarabağ ərazisində də tətbiq edilib " Aydın Ağayev: "Dünya dərk etməlidir ki, separatçılığın siyasiləşməsi dünya dövlətlərinin dağılmasına aparan bir prosesdir"

Hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynanın Krım əyalətində baş verənlər həm də separatizmin təzahürüdür. Artıq Krım parlamenti separatizm istiqamətində ilk addımlarını ataraq Krımın Ukraynadan ayrıldığını elan edib. Martın 16-da isə başladıqları separatizm hərəkətlərinə hüquqi don geyindirmək üşün referendum keçirəcəklər. Referendumun nəticələri də indidən bəllidir. Hazırda yarımadaya nəzarət edən Rusiya burada nəyi bahasına olursa-olsun istədiyi nəticənin, yəni Krımın Ukraynadan ayrılmasına nail olmaqla bağlı beynəlxalq hüquq normalarına daban-dabana zidd olan niyyətini ortaya qoyub. Krımda baş verənlər separatçılığın nə qədər təhlükəli olduğunu isə bir daha Qərbə də nümayiş etdirdi. ABŞ başda olmaqla Avropa bir sıra hallarda bu və ya digər bölgələrdə, xüsusən də keçmiş sovet məkanında baş qaldıran separatçılıq hərəkətlərinə ümumən göz yummaları ilə yadda qalıblar. Onların sepatarçılıq hərəkətlərinə göz yummalarının nəticəsidir ki, uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapa bilməyib. Qərbin məsələyə biganə tərzdə yanaşmasının nəticəsidir ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya əyalətləri də separatizmin qurbanı olub. Bu sözləri Moldovanın Dnestryanı bölgəsi barədə də söyləmək olar. Rusiya isə özünün keşmiş qüdrətini qaytarmaq üçün məhz separatizm amillərindən əsas rıçaq kimi istifadə etməyə çalışır. Vəziyyətin belə hal alması ondan xəbər verir ki, separatizm hərəkətlərinin qarşısı alınmasa, ona qarşı güclü sipər çəkilməsə proses Qərbin daha geniş maraqlarının təmin olunduğu ərazilərə də sirayət edə bilər. Bu əsasda Moskvanın bir müddətdən sonra vaxtilə öz nəzarətində olan Şərqi Avropada da anoloji addımlarda buluna biləcəyi də istisna deyil. Belə halların baş verməsinin qarşısını almaq üçünsə, ABŞ başda olmaqla Qərb separatizm ocaqlarının vaxtında söndürülməsinə, mövcud olanların isə həllinin sürətləndirilməsinə çalışmalıdır. Belə olan halda, görəsən, separatizmə ciddi zərbə vurmaq üçün Qərb dünyası Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərmi?

Millət vəkili Asim Mollazadə bildirdi ki, separatizm hallarının atmasının qarşısını almaq üçün Qərb Dağlıq Qarabağ və digər bu tip münaqişələrin həll prosesini sürətləndirməyə çalışmalıdır. Amma bunun üçün onun imkanlara malik olması da vacibdir: "Ən azından dünya ictimaiyyətinə Krımda baş qaldıran separatizm hallarının məhz Dağlıq Qarabağdan başladığını nümayiş etdirməliyik. Əslində, bu gün Krımda istifadə olunan bütün üsullar Azərbaycanın Dağlıq Qarabağ ərazisində də tətbiq edilib. Bunun ardınca Gürcüstan və Moldovada olan münaqişələr də eyni ssenari üzrə həyata keçirilib, orada da separatçılıq meylləri baş qaldırmışdı. İndi bütün dünyanın gözü qarşısında Ukraynanın Avropaya yolunu bağlamaq üçün dövləti xaosa çevirmək istiqamətində Krımda bənzər ssenarilər hələ davam edəcək, nə qədar ki, separatizm meyllərinin qarşısı alınmayıb. Burada söhbət Sovet İttifaqının bərpasından gedir, bütün cəhdlər bununla bağlıdır. Beynəlxalq ictimaiyyətinin diqqəti bu əsasda onunla bağlı olmalıdır ki, Qarabağ münaqişənin beynəlxalq hüquq normaları çərçivəsi istiqamətində həlli əvəzinə, 20 ildən artıqdır hansısa bəhanələri müzakirə etmək bu tip münaqişələrin davamlı şəkildə hər yerdə, keçmiş SSRİ məkanında yaranma ehtimalını da artırır. Çox güman ki, yaxın müddətdə belə separatizm meylləri inkişaf edəcək. Qərb ən azından öz sərhədləri yaxınlığında separatizmə yol verməmək üşün imkanlara malik olmalıdır. Aydındır ki, Qarabağ münaqişəsinin arxasında hansı güclər dayanır. Həmin güc qarşısında Krım, Gürcüstan məsələsində acizlik nümayiş etdirən Qərb bununla belə ümidvaram ki, ancaq imkanlar daxilində nəsə etməyə qadirdir".

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev isə qeyd etdi ki, bu məsələlərə dair nə Qərbdən, nə də başqa yerdən gələn bəyanat, açıqlama və şərhlərin heç birinə inanmır: "Qətiyyən inanmaq istəmirəm. Vaxtilə bütün dünyaya dövlətimizin ərazi bütövlüyünün pozulması barədə car çəkəndə münaqişəni nizamlamaq üçün cəhd göstərənlər xalqların öz müqəddəratını təyin etmək kimi başqa prinsipin də olduğunu deyirdilər. Biz hər iki prinsipi qəbul edirik. Amma yenə də deyirik ərazi bütövlüyü pozulursa, dövlətin bir hissəsini necə götürmək olar? Qərbdə Ukraynanın ərazi bütövlüyünün pozula bilməyəcəyini bəyan edərək onu müdafiə edir. Rusiya da onları ittiham edir ki, Kosovo məsələsində Qərb bu ərazinin müqəddəratı təyin etmə hüququ olduğunu bəyan etmişdi. İndi də Rusiya onlara cavab verir. Rollar dəyişib. Onların səmimiliyinə inanmadığımı deyəndə, onu nəzərdə tuturdum ki, beynəlxalq güclər bu cür münaqişələrin həllindən çox, yalnız öz mənafeləri üçün çalışır. Hər bir halda dövlətin beynəlxalq təşkilatlar tərəfndən tanınan ərazi bütövlüyü heç cürə parçalana bilməz. İllərdir deyirik ki, dövlətimizin ərazi bütövlüyü pozulub və bununla heç zaman barışmayacağıq. Amma gördüyümüz kimi Kosovo məsələsində əvvəllər ABŞ bir cür danışırdı, indi isə başqa siyasi prioritetlər çıxdığından ayrı şeyi deyir. Qərb Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilirsə, gəlsin sürətləndirsin. Separatizm istənilən formada, istənilən ölkədə, müəyyən nüansları nəzərə almamaq şərtilə, hər bir halda qəbul oluna bilməz. Çünki separatizm hər hansı bir dövlətin parçalanmasına aparıb çıxarır. Separatizm Qərb ölkələrin birində baş versə, görüm bununla barışacaqlarmı? Bununla heç kəs barışmayacaq. Onlara sərf edən odur ki, belə hallar hardasa dünyanın başqa məkanında olsun, onlar da gəlib həmin ərazidə məşvərət, qrup yaradıb məsləhət versinlər. Danışmaq asandır. Amma öz başlarına gələndə artıq başa düşürlər ki, bu nə deməkdir. İstənilən halda separatçılığı yol verilməməlidir. Çünki separatçılığın siyasiləşməsi, hərbiləşməsi və sonra müharibəyə səbəb olması, nəticədə dövlət ərazisinin bir hissəsinin qoparılması bütövlükdə dünya dövlətlərinin dağıqılmasına aparan bir prosesdir. Dünyada bunu dərk etməlidirlər".

Sizin Reklam Yeriniz