Əlaqə Arxiv
news Image
2012.04.06
11:42
| A A A
Quba hadisələri ilə bağlı istintaqa 30 nəfər cəlb edilib
Respublika Baş Prokurorluğu Quba hadisələri ilə bağlı növbəti açıqlama yayıb

Respublika Baş Prokurorluğu Quba hadisələri ilə bağlı növbəti açıqlama yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu ilin martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin təfərrüatları ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq rəsmi məlumatların verilməsinə baxmayaraq, son günlər bəzi kütləvi informasiya vasitələrində qeyri-rəsmi mənbələrə istinad edilməklə, hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın gedişinə mane olmaq məqsədi güdən, obyektiv reallığı əks etdirməyən qərəzli informasiyalar verilməkdədir. "Göstərilənlərlə əlaqədar bir daha bəyan edirik ki, həmin hadisələrlə bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən ötən dövr ərzində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilib. Cinayət işi üzrə barələrində təkzibedilməz sübutlar toplanmış 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Birmənalı şəkildə bildirilir ki, qanun çərçivəsində həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxslərə qarşı qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarda ifadə olunan heç bir qanunsuz hərəkətlərə yol verilməyib. Həmçinin "Xəyal" müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyev və icraçı direktor Vüqar Qonaqov peşə fəaliyyətləri ilə əlaqədar deyil, Quba hadisələri zamanı Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma maddələrində nəzərdə tutulan konkret cinayətləri törətməkdə təqsirləndirilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişi barədə ictimaiyyətə mütəmadi olaraq əlavə məlumatlar veriləcək. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha tövsiyə edir ki, kütləvi informasiya vasitələri və Qeyri-Hökumət Təşkilatları ictimaiyyətin maraq dairəsində olan və diqqətlə izlənilən informasiyaların cəmiyyətə olduğu kimi çatdırılması üçün daşıdıqları məsuliyyəti dərindən dərk etsinlər, ucuz sensasiya yaratmaq naminə qeyri-obyektivliyə yol verməsinlər".

Sizin Reklam Yeriniz