Əlaqə Arxiv
news Image
2014.03.13
18:26
| A A A
Millət vəkilinin internetlə bağlı iradlarının əsassız olduğu üzə çıxdı
Araşdırmalar ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması fonunda yüksək texniki imkanların yaradıldığını göstərir

Bir neçə gün öncə Milli Məclisin iclasında deputat Elmira Axundova çıxışını internet provayderlərinin fəaliyyəti üzərində quraraq, internetin keyfiyyəti və sürətinin zəifliyi ilə bağlı mülahizələrini bölüşüb: "İnternetin keyfiyyəti, sürəti zəifdir, internetlə davamlı işləmək faktiki mümkün deyil. İnternet provayderləri ötən il qiymətləri 40% aşağı saldı. Amma internet provayderləri bundan məharətlə çıxış tapıblar. Qiymət azalması ilə bağlı ADSL-ə müraciət edəndə bildirdilər ki, qiymət azalması olmasa da, sürət meqabitə qədər artırılıb, lakin hiss olunmur. Bunu isə onunla izah edirlər ki, 8 meqabit sürət versələr, internet ümumiyyətlə işləməyəcək və ya tez-tez kəsiləcək. Çünki Azərbaycanda telefon xətləri bu qədər sürəti qəbul etməyə uyğunlaşdırılmayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də öz növbəsində provayderlərin imkanlarını rədd edir. Yenə də bu sahədə heç bir yenilik yoxdur. Faktiki olaraq internet istifadəçiləri sürətli internetdən məhrum olublar. Halbuki, internetə görə hər ay 25-30 manat ödəyirlər. Həmçinin dövlət rəhbərliyi hər zaman bildirib ki, rayonların əhalisi üçün də internet əlçatan olmalıdır. Buna görə də tez-tez kəsilib internetlə davamlı işləmək mümkün deyil. Turizm zonası elan olunmasını, buraya çoxlu sayda turistlərin gəlməsini nəzərə alaraq internetin sürətinin artırılması gərəkdir." 

Deputatın bu çıxışından sonra bəzi media orqanlarında tanınmayan ABŞ "mütəxəssisi"nin fərdi və qərəzli araşdırmalarına əsaslanan məlumatlar da yer alıb. Və burada internetlə bağlı göstəricilər ciddi şəkildə təhrif olunub. Həmin məlumatlarda qeyd olunur ki, güya Azərbaycanda əhalinin 59 faizi internetdən heç bir zaman istifadə etməyib. 6 faiz insan internetin nə olduğunu belə bilmir.

Lakin araşdırmalarımız göstərir ki, vəziyyət heç də millət vəkilinin və həmin "ekspertin" dediyi kimi deyil. Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycanda tam telefonlaşdırma və bu sahədə tam elektronlaşdırma həyata keçirilib. MDB üzvü olan dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda "Yeni Nəsil Şəbəkələri" (NGN) texnologiyalarının tətbiqinə başlanılıb. 

Digər tərəfdən o da məlumdur ki, Azərbaycanda internet tamamilə azaddır, ölkə vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Təbiidir ki, Azərbaycanın dünyada artan nüfuzuna qısqanclıqla yanaşan və onun siyasi arenada formalaşdırdığı imicinə xələl gətirmək marağında olan bu tipli "ekspertlər" müvafiq qrantlar müqabilində ölkəmizin reytinqini gözdən salmaq üçün hər məqamdan istifadə edirlər və bəzi qeyri-ciddi yerli KİV-in dünyada tanınan beynəlxalq təşkilatlara deyil, məhz belə cılız "mütəxəssis"lərə istinadı təəssüf doğurur. Bu gün bütün dünyanın İKT irəliləyişlərini mütəmadi təhlil edən və nəticələri bütün dövlətlər tərəfindən tam ciddi mənbə olaraq qəbul edilən kifayət qədər təşkilatlar var. Belə qurumlardan biri olan Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2013" hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderdir və eləcə də, 144 ölkə arasında "İKT-yə dəstəkdə hökumətin uğurları" indeksi üzrə 8-ci, "Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi" indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Həmçinin, Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2013-2014" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuş və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Measuring the Information Society - 2013" adlı hesabatında "İKT inkişaf indeksi" (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 157 ölkə arasında 61-ci yeri tutmuşdur. Və qeyd edilən bu rəqəmlər daxili hesablamalarla deyil, beynəlxalq təşkilatlar tərəfindən aparılan dərin təhlil və analizlərin nəticəsində meydana gəlib. Bundan başqa, genişzolaqlı rabitə üzrə ölkələrdəki vəziyyəti təhlil edən BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının məlumatına görə,  inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitə üzrə qiymətlərin münasib, əlverişli olması üçün tədbirlərin görülməsi irəli sürülür və bu rəqəm orta aylıq gəlirlərin 5 faizindən artıq olmamalıdır. Hazırda Azərbaycanda müvafiq rəqəm isə 2,5 faizdir. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40 faizinin 2015-ci ilə qədər internetə çıxışı təmin edilməlidir. Bu gün Azərbaycanda analoji göstərici 67 faiz təşkil edir. Növbəti hədəf əhalinin internetlə təminatıdır ki, bu istiqamət üzrə 2015-ci ildə dünyada internet istifadəçilərinin sayı 60 faizə, inkişaf etməkdə olan ölkələrdə 50 faizə, az inkişaf etməkdə olan ölkələrdə isə 15 faizə çatmalıdır. Hazırda Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Həmçinin ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, ötən illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb.  

O ki qaldı millət vəkilinin bu sahədə yeniliyin olmaması, rayon əhalisi üçün internet əlçatanlığı, internetin sürətinin artırılmasının vacibliyi ilə bağlı tövsiyələrinə, bununla bağlı aşağıdakı məqamlara diqqət yetirmək lazım gəlir. Əvvəla ölkədə  "Milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. 2014-2016-cı illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan bu layihənin icrasına başlanılması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət olunub. Layihəyə hazırda Prezident Administrasiyasında baxılmaqdadır. Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcəkdir. 



Sizin Reklam Yeriniz