Əlaqə Arxiv
news Image
2014.03.14
14:33
| A A A
Nazirdən xaricdən gələn həkimlərlə bağlı şok açıqlama

"Özəl klinikalar dəvət etdikləri həkimlərin səlahiyyətli və səriştəli olmasına həmişə zəmanət verirmi? Yüksək ixtisaslı əcnəbi həkimin burada olması və konsultasiyaları xeyli mürəkkəb və baha başa gələn işdir. Kiçik özəl klinikaların belə böyük xərclərə gücü çatarmı? Özəl klinikalar belə mütəxəssisləri Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunu da pozurlar. Belə ki, xarici mütəxəssisi ölkəyə gətirməmişdən əvvəl onlar Səhiyyə Nazirliyinə müraciət etməli və məlumat verməlidirlər. Nazirlik də öz kanalları ilə həmin həkimin nə dərəcədə səlahiyyətli olduğunu aydınlaşdırmalıdır".

 

Movqe.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev "Tibb" qəzetinə müsahibəsində bildirib. Nazir deyib ki, özəl klinikaların xarici həkimləri geniş reklam etməsi çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi kələkdir: "Qaydalara zidd olaraq, gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olurlar, əməliyyat edirlər və çıxıb gedirlər. Səhiyyə Nazirliyi isə bu barədə yalnız ya reklamdan xəbər tutur, ya da bu şübhə doğuran "qastrolçu həkim" pasiyentin sağlamlığına zərər vuranda. Bu sonuncu halda məlum olur ki, həkim artıq əlçatmazdır, klinika isə "çiyinlərini çəkir" ki, həkim bacardığını elədi".

 

O.Şirəliyev əlavə edib ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində yoxlamalar aparan xüsusi Komissiyası fəaliyyət göstərir. Onun sözlərinə görə, yoxlamalar nəticəsində komissiya müəyyən edib ki, əksər hallarda reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı ancaq onların xarici dövlətin vətəndaşı olmasıdır: "Qalan hər şey reklam oyunudur, reklam qurbanları da buna aldanırlar. Özü də çox vaxt bu kələkdən qanunsuz fəaliyyət göstərən özəl klinikalar istifadə edirlər. Təkcə son üç ayda Səhiyyə Nazirliyi Vergilər Nazirliyi ilə birlikdə qanunsuz stomatoloji fəaliyyətlə məşğul olan 330 obyekt aşkar edib, onlara qarşı qanunvericiliyə müvafiq tədbirlər görülüb".

 

Səhiyyə naziri qeyd edib ki, Azərbaycanda qeyri-qanuni tibbi praktikaya, o cümlədən "qastrolçu həkimlərin" fəaliyyətinə görə məsuliyyət və müvafiq olaraq cərimə sanksiyaları qanunvericiliklə kəskin artırılıb: "Fiziki şəxslər üçün cərimələr 2-3 min manat, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək olub. Əgər əvvəllər qaydaları pozanlar 300­-500 manatlıq cərimələrlə asanlıqla canlarını qurtarırdılarsa, bu gün bu addımı atmazdan əvvəl ciddi götür-qoy edəcəklər. Axı söhbət insanların sağlamlığından və həyatından gedir".


Sizin Reklam Yeriniz