Əlaqə Arxiv
news Image
2014.03.17
13:35
| A A A
Baş onkoloq: "Azərbaycanda süd vəzi xərçəngi olan qadının bir döşünü zəli..."
Azad Kərimli: "Biz xəstəyə yazıb vermirik ki get bu dərmanı al gəl"

Hər il dünyada 1,7 milyon insanın mübtəla olduğu bu xəstəlikdən illik ölüm göstəricisi 8,2 milyondur. Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə, 2025-ci ilə kimi bu xəstəliyə düçar olanların sayı 19 milyon olacaq. Onun adı gələndə insanların içinə ölüm xofu çökür. Bu xəstəliyə mübtəla olan insanlar əksər hallarda "artıq həyatın sonudur, əzizlərinlə, yaxınlarınla vidalaşmaq vaxtı çatıb" deyə özünə qapanaraq dünyadan köçəcəyi günü gözləyir. Amma həyat bir mübarizədir, insan mübariz olarsa hər şeyə qalib gələr, deyibən etiologiyası bu günədək tibbə məlum olmayan bu xəstəliklə, xərçənglə mübarizə aparanlar da az deyil. Azərbaycanda da 34 mindən çox insanın əziyyət çəkdiyi xərçəng xəstəliyi barədə  Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli ilə söhbətləşdik.

-Azad həkim nədənsə xərçəng xəstəliyinin adı gələndə insan həyatın sonu olduğunu düşünür. Bu xəstəlikdən sağalıb şəfa tapanlar çox olsa da, hələ də xərçəng xəstəliyi çarəsi tapılmayan bir xəstəlik hesab olunur.

- Elə deməyin, niyə ki? Bu xəstəlik barədə belə dəhşətli təsəvvür yaratmaq, insanları qorxuya salmaq lazım deyil. Bizdə qeydiyyatda olan elə xərçəng xəstələri var ki, 20-25 ildir ki yaşayırlar. Ölüm məsələsinə gəldikdə, hər il yol qəzasında ölənlərin sayı xərçəngdən dünyasını dəyişənlərdən dəfələrlə çoxdur. 

-Qeydiyyatdan söhbət düşmüşkən, Azərbaycanda qeydiyatda olan xərçəng xəstələrinin sayı nə qədərdir?

- 2013-cü ilin rəsmi statistikasına görə, 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatada olub. Onlardan 13 min 284 nəfərini  5 il və ondan yuxarı yaşayanlar təşkil edib. Ümumilikdə il ərzində 1-cili 9 min 64 nəfər onkoloji  xəstəliklərlə qeydiyyata götürülüb. 

-ÜST-ün məlumatlarına görə, xərçəng xəstəliyinin bütün dünyada ən çox yayılan növü ağciyər xərçəngidir. Bizdə hansı orqanın xərçənginə daha çox rast gəlinir?

-Bu xəstəliklər arasında lokalizasiyalara gəldikdə ilkin yerləri ağciyər-bronx, qadınlarda süd vəzisi və ümumilikdə mədə xərçəngi üstünlük təşkil edir. Xəstəliyin mərhələlərinə gəldikdə isə 3 min 898 nəfərə xəstəliyin 1və 2-ci, 3 min 83 nəfər 3-cü, 2 min 83 nəfər isə xəstəliyin 4-cü mərhələsində olub. 

-Bayaq söhbətimizdə xərçəng xəstəliyinin ölümə açılan bir qapı olduğu barədə fikrimizi qəbul etmədiniz. ÜST-ün son hesabatında göstərilib ki, bu xəstəlik hər il 8,2 milyon insanın gözünü bu həyata əbədi yummasına səbəb olur. Maraqlıdır, bizdə xərçəng xəstəliyindən ölüm göstəricisi necədir?

- 2013-cü ilin son statistik məlumatına görə, onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub. Yenə də qeyd edirəm, bunların arasında illərlə qeydiyyatda olanlar var. Xərçəng xəstəliyi barədə insanlar arasında belə dəhşətli təsəvvür yaratmaq doğru deyil. Son illər aparılan marifləndirmə tədbirləri zamanı xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün müraciət edənlərin sayında artım var. Vaxtında həkimə müraciət edən xəstələrdə müalicə efekt verir. Adam var ki,  illərdir xərçəng xəstəsidir, bir də görürsən infarktdan dünyasını dəyişir. Heç ölümünə xərçəng xəstəliyi səbəb olmur. 

-Son məlumatlara görə, dünyada xərçəng xəstələrinin sayı artıb. Azərbaycanda necə, xərçəng xəstələrinin sayında artım müşahidə olunurmu?

-MDB  və digər ölkələrinə nisbətən bizdə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı azdır. Mən Ukraynada, Krım vilayətində olarkən məlumat verildi ki, 2 milyon yarım əhaliyə 2012-ci il üçün qeydiyyatda olan onkoloji xəstələrin sayı 50 min nəfər təşkil edir. Bizdə isə 2012-ci ilin 2-ci rübbünə olan rəsmi məlumatda ölkə əhalisinin 9 milyon 350 nəfərinə onkoloji xəstələrin sayı 31 min 954 nəfər təşkil edib. Rəqəmlərdən görünür ki, Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan insanların sayı digər MDB ölkələri ilə müqayisədə xeyli azdır.

-Azad həkim son vaxtlar uşaqlar arasında da bu xəstəliyə düçar olanlara rast gəlinir...

-Uşaqlar arasında onkoloji xəstəliklərə əvvəllər də rast gəlinib. Sadəcə olaraq əvvəllər Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan uşaqlarda bu xəstəliyi müalicə etmək üçün şərait yox idi. Artıq 4 ildir ki, Azərbaycanda Uşaq Onkoloji Mərkəzi  fəaliyyət göstərir. Bu Mərkəzdə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar müayinə və müalicə olunur. Halbuki, bir neçə il bundan əvvələ kimi belə xəstə uşaqları müalicə üçün ancaq xarici ölkələrə aparırdılar. Hazırda Azərbaycanda 305 uşaq onkoloji xəstəlikdən əziyyət çəkir.

-Qeyd etdiniz ki, Azərbaycanda onkoloji xəstəliyə düçar olmuş uşaqların ölkəmizdə müalicəsi aparılır. Xərçəng xəstəliyindən dünyasını dəyişən Nərmin Hüseynli ilə bağlı son olay müəyyən mübahisəli məqamlara səbəb oldu. Hətta 17 yaşlı Nərminin ölümündə Azərbaycan səhiyyəsi də qınaq obyektinə çevrildi.

-Mən yenə də deyirəm. Bir dəfə bununla bağlı sizə açıqlama da vermişəm ki, mən o qızın xəstəlik tarixçəsinə baxmamış bir söz deyə bilmərəm. Eşitmişəm ki, ona səhv diaqnoz qoyulub. Axı Azərbaycan səhiyyəsi bir tibb müəssisəsindən, orada həmin qıza səhv diaqnoz qoyan həkimdən ibarət deyil. Bizim çox savadlı həkimlərimiz var. O qızın ölüm xəbərinə mən də üzüldüm. Ola bilər ki, xəstəlik onda aqressiv formada gedib. Bu o demək deyil ki, Nərmini, Nərmin kimi bu xəstəlikdən əziyyət çəkən uşaqların ölkəmizdə müalicəsi aparılmır. Əvvəllər övladı bu xəstəliyə düçar olan valideynlərdən kimin imkaı vardısa xaricə aparırdı, olmayanlar pis durumda qalırdılar. İndi vəziyyət tamamilə fərqlidir. Həmçinin  onkoloji xəstəliklər uşaqlarda daha tez müalicəyə tabe olur və yaxşı nəticə əldə etmək imkanı böyüklərə nisbətən daha çoxdur. Bir daha qeyd edirəm, bir həkimə görə, Azərbaycan səhiyyəsini günahlandırmaq, Azərbaycanda savadlı həkim yoxdur  demək allahsızlıqdır. 

-Xaricdə müalicədən söhbət düşmüşkən, Azərbaycandan xərçəng xəstəliyinin müalicəsi üçün xaricə üz tutanlar az deyil. 

-Mən həmişə demişəm, yenə də təkrar edirəm. Azərbaycanda xərçəng xəstələrinin müayinəsi və müalicəsi üçün böyük bir şəhərçik var. Burada yüksək peşəkarlıq səviyyəsi olan həkim kontingenti fəaliyyət göstərir. Çox təəssüf ki, telekanallarda əcnəbi həkimlərin reklamı məqsədilə aparılan təbliğat xərçəng xəstəliyinə mübtəla olan insanları səhv yola istiqamətləndirir.Azərbaycanda onkoloji xəstələr tibbi verilişlərə dəvət olunan, telekanallarda reklam edilən əcnəbi həkimlər tərəfindən aldadılaraq xaricdə səhv müalicə edilir. Çox təəssüf edirəm ki, bizim telekanallar özümüzdə kifayət qədər savadlı süd vəzi xərçəngi üzrə mütəxəssislər ola-ola savadına görə onlardan dəfələrlə aşağı olan əcnəbi həkimləri efirə çıxardaraq reklam edir. Bu şişirdilmiş reklamların zərbəsi isə Azərbaycandakı onkoloji xəstələrə dəyir. Həmin xəstələr o reklamlara aldanaraq bir ətək pul töküb sonucda çarəsiz vəziyyətdə bizə üz tuturlar. Bunun qarşısı alınmalıdır. Azərbaycandakı özəl klinikaların ölkəyə gətirdikləri onkoloji sahə üzrə həkimlərin çoxu öz ölkələrində tanınmayan savadsız həkimlərdir. Bu reklamlardan sonra onkoloji xəstələr özəl klinikalarda həmin əcnəbi  həkimin qəbuluna düşmək üçün növbəyə yazılırlar. Əksər hallarda həmin xəstələr həkimin məsləhəti ilə xaricdə müalicəyə cəlb olunur. Çünki, Azərbaycanda özəl klinikalarda onkoloji xəstəliklərin müalicəsi üçün əlverişli şərait yoxdur. Həmin həkimlərin sözünə aldanıb xaricə gedən xəstələrin çoxu fəsadlarla, ağırlaşaraq geri qayıdır. Yenidən öz həkimlərimizə müraciət edirlər ki, artıq gec olur. Ona görə, də telekanalar reklam gəlirləri naminə xüsusilə onkoloji xəstəliklərin müalicəsi üzrə həkim məsləhəti verəndə diqqətli olmalıdırlar. Çünki belə hallar nəticədə onkoloji xəstəliklərdən Azərbaycanda ölüm statistikasına təsir edir. Azərbaycanda onkoloji xəstələrə yaradılmış şərait avropa məkanında üç-dörd yerdə var. Düzdür, güclü, işinin peşəkarı olan dünyaca ünlü həkimlər, cərrahlar var. Amma onlar başqa ölkələrə gedib xəstə axtarmırlar. Çünki onlar artıq özlərini təsdiqləyiblər. Bizim reklam olunmağa ehtiyacımız yoxdur. 

- ÜST-ün məlumatlarına görə, dünyada sinə xərçəngində də kəskin artım olub. Xəstəlik hazırda 140 ölkədə əsas xərçəng növüdür. Azərbaycanda da son illər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayında artım müşahidə olunur.

-Son zamanlar yox, elə həmişə qadınlar arasında süd vəzi və uşaqlıq boynu xərçənginə daha çox rast gəlinib. Azərbaycanda 2013-cü ildə süd vəzi xərçəngindən əziyyət çəkən 1519 qadın qeydiyyata götürülüb. 

-Qadınlar arasında süd vəzi xərçənginin daha çox müşahidə olunmasına bəzən bu xəstəliyin vaxtında aşkarlanmaması, yəni geçikmiş müalicəsi də səbəb kimi göstərilir.

-Əslində 40 yaşdan yuxarı qadınlar ildə bir dəfə süd vəzilərini momoqrafiya etdirməlidirlər. Əlbəttə, xəstəlik erkən aşkarlandıqda müalicə də effekt verir. Amma çox təəssüf ki, elə qadınlar var ki, bu xəstəlik aşkarlananda türkəçarəyə üz tuturlar. Bu günlərdə bir ali təhsilli qadın gəlmişdi. Həmin qadında həkimlər süd vəzi xərçəngi diaqnozu qoyublar. Həkimlər məsləhət görüb ki, müalicə olunmalıdır. Qadın isə həkimlərin tövsiyyəsinə məhəl qoymayıb gedib kiminsə məsləhəti ilə süd vəzilərinə zəli qoyub. Qadının süd vəzinin biri tamamilə sıradan çıxmışdı.  

-Azad həkim bu gün Azərbaycanda tibbi xidmət pulsuzdur. Eləcə də xərçəng xəstələrinin. Amma bəzən xərçəng xəstələri bu xəstəliyin müalicəsinə çox xərc çıxdığından şikayətlənirlər. 

-Bu gün xərçəng xəstələrinin müayinə və müalicəsi tam pulsuzdur. Biz xəstəyə yazıb vermirik ki get bu dərmanı al gəl.


   


Sizin Reklam Yeriniz