Əlaqə Arxiv
news Image
2014.03.19
16:52
| A A A
“Azərbaycanda dini zəmində bəzən mənfi hallara rast gəlinir”

"Azərbaycanda təəssüflər olsun ki, dini zəmində bəzən mənfi hallara rast gəlinir - ya dindən siyasi vasitə kimi istifadə olunur, ya da ayrı-ayrı dini qruplaşmalar, təriqətlər milli maraqlara və ictimai dəyərlərə zidd əməllərlə çıxış edirlər".


Movqe.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

 

O qeyd edib ki, bu, əslində bir çox cəmiyyətlərə xas haldır: "Sirr deyil ki, Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib. Hər zaman insanların bir-birinə qarşı dini və milli mənsubiyyətlərindən asılı olmayaraq çox müsbət və tolerant münasibətləri mövcud olub. Bu ənənə hazırkı dövrdə də qorunub saxlanır. Eyni zamanda hər bir vətəndaş öz etiqad azadlığından sərbəst şəkildə - qanunlara müvafiq olaraq istifadə edə bilir. Lakin təəssüf ki, dini zəmində bəzən mənfi hallara rast gəlinir. Müəyyən dini təriqətlərə qoşulmuş şəxslər, xüsusilə də gənclər ayrı-ayrı ölkələrə gedərək silahlı mübarizələrə qoşulurlar. Şübhəsiz, dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Həm cinayət məsuliyyətinin müəyyən olunması, həm də dini maarifləndirmə işinin ardıcıl olaraq aparılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər".

 

Vitse-spiker deyib ki, mübarizə çərçivəsində dini siyasəti həyata keçirən müvafiq dövlət strukturları səmərəli tədbirlər görür: "Yerlərdə vətəndaşlarla, ayrı-ayrı dini icmaların nümayəndələri ilə görüşlər keçirilir, eyni zamanda dini maarifləndirmə işi uğurla aparılır. Bu cür hallarla mübarizədə mətbuatın, xüsusilə də sosial medianın rolu və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz, mətbuat bu məsələyə xüsusi diqqət yetirməli, öz informasiya siyasətini milli maraqlara və ictimai dəyərlərə uyğun həyata keçirməlidir. Eyni zamanda sosial şəbəkələrdə bu məsələlərlə bağlı maarifləndirici məlumatlar paylaşılmalı və ciddi müzakirə platformaları yaradılmalıdır. Beləliklə, bütün imkanlar dəyərləndirilməli və dövlət strukturları ilə ictimaiyyət nümayəndələri birgə, koordinasiya olunmuş formada işləməlidirlər".

Sizin Reklam Yeriniz