Əlaqə Arxiv
news Image
2014.03.19
16:55
| A A A
Həcc ziyarətinə qanunsuz yolla sənəd qəbulu halı aşkarlanıb

Azərbaycanda Həcc ziyarətinə qanunsuz yolla sənəd qəbulu halı aşkarlanıb.  APA-nın əldə etdiyi məlumata görə, əslən Bakının Maştağa qəsəbəsindən olan Məmməd Təqi (Tağıyev) adlı şəxs bununla bağlı xüsusi sayt yaradaraq, Məşhəd və Kərbəla ziyarətlərinin təşkili ilə yanaşı, Həcc və Ümrə ziyarətləri təşkil etdiyini də elan edib.  Elanda builki Həcc ziyarəti ilə bağlı qiymətlər və səfər proqramları rəsmi olaraq Azərbaycanda ziyarəti təşkil edən yeganə qurum Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şərtlərindən və qiymətlərindən tamamilə fərqlənir. Bununla bağlı yaradılan saytda ziyarətin şərtləri ilə yanaşı, Azərbaycanın bölgələrində də qəbul məntəqələrinin yaradıldığı elan olunub. M.Tağıyev bildirib ki, bu kampaniyanı Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə həyata keçirirlər. Onun açıqladığı qiymətlər isə QMİ-nin elan etdiyi rəsmi qiymətlərdən fərqlənir: "Nisbətən zəif şəraitdə hotellərdə qalan zəvvarlar üçün 3400 manat və daha yaxşı şəraitdə olan, Hərəmə yaxın hotellərdə yerləşmiş zəvvarlar üçün isə 4250 manatdır". M.Tağıyev bildirib ki, onlar qəbul etdikləri sənədləri və pulları məhz QMİ-nin müvafiq şöbəsinə ödəyirlər. 

Məsələ ilə bağlı QMİ-dən bildirilib ki, Azərbaycandan müqəddəs Həcc və Ümrə ziyarətlərini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə aiddir: "Müqəddəs ziyarətlərə getmək istəyənlərin sənədləri Azərbaycandan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunur. Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müqavilə bağlanır. Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır".

Sizin Reklam Yeriniz