"Novruz xalqlar arasında birlik, dostluq və həmrəylik bayramıdır". Bu sözləri martın 19-da Novruz bayramı münasibətilə UNESCO-da keçirilmiş tədbirdə Əfqanıstanın qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Kasem Fazelli təbrik çıxışında deyib.
qeyd edək ki, UNESCO-nun prosedur qaydalarına əsəsən, Novruz
bayramının qeyd olunduğu ölkələrdən birinin səfirinə bayram
münasibətilə çıxış etmək həvalə olunur. Builki bayram təbrikini
Əfqanıstan səfiri edib.
Novruz bayramının 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ilin fevralında isə
BMT Baş Assambleyasının 64-cü sessiyasında hər il martın 21-nin
dünyada "Beynəlxalq Novruz Günü" kimi qeyd edilməsi ilə bağlı
qərarı xatırladan səfir baharın gəlişindən, təbiətin oyanışından
xəbər verən bu bayramın dünyada yüz milyonlarla insan tərəfindən
qeyd olunduğunu diqqətə çatdırıb.
Əfqanıstanlı diplomat Novruz bayramının mədəniyyətlərarası dialoqun
tərkib hissəsi kimi xalqların yaxınlaşmasında, adət-ənənələrlə
tanışlıqda, dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna rol
oynadığını xüsusi vurğulayıb.
Səfir Novruzun əsasən, Əfqanıstanda, İranda, Azərbaycanda,
Hindistanda, Türkiyədə, Qazaxıstanda, Pakistanda, Özbəkistanda və
Türkmənistanda qeyd edildiyini, bu bayramın artıq el şənliyinə
çevrildiyini deyib.
Novruz bayramının qeyd edildiyi ölkələrin səfirlərinin, UNESCO-da
akkreditə olunan diplomatik korpus əməkdaşlarının, Fransa
ictimaiyyətinin nümayəndələrinin, müxtəlif ölkələrin diaspor
təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə
Azərbaycanın və Türkiyənin incəsənət ustalarının ifasında xalq
mahnıları və musiqi səsləndirilib.
Konsertdən sonra tədbir iştirakçıları Azərbaycan, Türkiyə,
Hindistan, Əfqanıstan, Pakistan, İran və Qazaxıstan mətbəxinin
nümunələri ilə tanış olublar.
Qonaqlara Azərbaycan mətbəxindən bəhs edən broşürlər
paylanıb.