Bilindiyi kimi, Xəzər dənizinin resursları əvvəlki dövrlə müqayisədə azalmağa doğru gedir. Bu, dənzin həm fauna, həm jə florası üzrə özünü aydın göstərir. Bəs baş verənlər nədən qaynaqlanır və sahilyanı ölkələrə nə vəd edir?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin
rəhbəri Telman Zeynalov məsələ ilə bağlı
Mövqe.az saytına açıqlama verib. Ekoloqun sözlərinə görə, Xəzərdə
balıqlara nəzarət üçün yekdil bir komissiya yaradılmalıdır:
"Resurların tükənmək üzrə olması təkcə Azərbaycan yox, digər
Xəzəryanı dövlətlər olan Rusiya,Türkmənistan, İran,
Qazaxıstan üçün də təhlükədir. Bu gün İrandan başqa 4 respublika
Xəzərdə neft hasilatı ilə məşğul olur. Azərbaycan, Rusiya,
Qazaxıstan və Türkmənistan. Lakin dənizdə resurlar tükənirsə, bu,
İrana da təsir göstərir. Ona görə ki, İran neft hasilatı ilə məşğul
olmasa da, bu ölkələrdəki neftin çirkabı ən dərin yer İranda
olduğundan, orda toplanır. Nəticədə elə ən çox ziyan da İrana
vurulmuş olur. Xəzərin resurslarının azalması bütün Xəzəryanı
dövlətlər üçün iqtisadi təhlükədir. Bu yaxınlarda Ekologiya və
Təbii Sərvətlər Nazirliyi nərə balıqlarının yemləri olan
kilkələrin də ovlanmasına qadağa qoydu. Çünki onlar nərə
balıqlarının, osetinlərin yemləridir. Onlar bununla qidalanırlar
deyə, ovlanması qadağan olundu. Əgər kilkə balıqlar qorunmasa, nərə
balıqları da yox olub gedəcək. Ona görə də təcili tədbir
görülməlidir. Onu da qeyd edim ki, Xəzər dənizi ilə əlaqədar Tehran
Konvensiyası var. O konvesniya nə qədər tez işə salınsa, Xəzər
dənizinə nəzarət üçün yekdil, yeganə bir komissiya yaradılsa,
ancaq o zaman Xəzərin taleyi haqda danışmaq olar. İndi bu
mümkün deyil".
Ekoloq Nəriman Ağayev isə məsələ ilə bağlı deyib: "1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurmuşdu. Nəticədə plankton, onunla əlaqəli olaraq planktonu yeyən kilkə azalmışdı. Kilkə azaldığına görə digər balıqlar, o cümlədən nərə balıqları azalmağa başlamışdı. Bu da ki, həddən artıq brokonyerlik var idi.
Hal-hazırda Azərbaycanda bu vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən qədər idarə olunur. "Azərbalıq" şirkəti yaradılıb ki, sırf bu işə nəzarət edir. Eyni zamanda nərə balıqlarının süni yolla artırılması üçün zavod da yaradılıb. İndi 5 dövlət ümumi qərar gəliblər ki, kvotalar qoysunlar. Əgər Xəzərin biomüxtəlifliyi arasında xəstəliklər yayılmasa, bu, yaxın 5-10 ildə öz nəticəsini göstərəcək.
Mən isə bir vətəndaş kimi düşünürəm ki, resurları qoruyub saxlamaq lazımdır. Əvvəllər 2 metrə yaxın balıqlar var idi. İndiki dövrdə isə, bu müşkül məsələdir. Heç olmasa, əlimizdə qalanları qoruyub gələcək nəsilə ötürmək lazımdır".