Əlaqə Arxiv
news Image
2014.03.27
18:58
| A A A
İmtahanda 1356 namizəd iştirak edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 30-da 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirəcək. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılıb və 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlanlardır.İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Sizin Reklam Yeriniz