Əlaqə Arxiv
news Image
2014.04.01
18:23
| A A A
ATƏT: "Dağlıq Qarabağ münaqişəsi ən mürəkkəb problemlərdən biridir"
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün çalışırıq". 

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in 2013-cü il üçün illik hesabatında qeyd edilib. ATƏT-in rəsmi saytına yayımlanan hesabatda, Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmağın ATƏT regionunda ən mürəkkəb problemlərdən biri olduğu deyilir.

Hesabatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasından 20 ildən çox müddət keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmayıb. Məlumata görə, təşkilatın sədrliyi Minsk qrupunun həmsədrlərinin bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi istiqamətində fəaliyyətini dəstəkləyib. Hesabat həmçinin qeyd edilir ki, 1994-cü ildə atəşkəsin elan edilməsinə baxmayaraq, bu ərazidə tez-tez atışmalar qeydə alınır və atəşkəs rejiminin pozulması demək olar ki, müntəzəm olaraq müşahidə olunur. Ötən il beş nəfər mülki şəxs və 32 əsgər yaralanıb, 14 əsgər isə öldürülüb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası 16 dəfə təmas xəttinə və 9 dəfə sərhədə baş çəkib.

Hesabatda həmçinin deyilir ki, 2013-cü ildə Ukraynanın ATƏT-də sədrliyi çərçivəsində təşkilat əsas diqqəti uzunmüddətli münaqişələrin həllinə və "Helsinki+40" prosesinin irəlilədilməsinə yönəldib. ATƏT-in Parlament Assambleyası müxtəlif ölkələrə 7 seçki müşahidə missiyası göndərib ki, həmin ölkələrdən biri də Azərbaycandır.

Hesabatda qeyd edilir ki, ATƏT Daimi Şurasının qərarına əsasən təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib və ofis layihə əlaqələndiricisi statusu alıb. 2013-cü ildə Bakı ofisinə ATƏT büdcəsinin 2 faizi həcmində pul ayrılıb.
Sizin Reklam Yeriniz