Əlaqə Arxiv
news Image
2014.04.02
17:22
| A A A
Rusiyaya yenidən miqrant axınının başlanması gözlənir
Azər Allahverənov: «Rusiyaya azərbaycanlı miqrantların axını iki istiqamətdə baş verəcək» Əlövsət Əliyev: «Rusiya azərbaycanlılar üçün daimi iş yeri deyil»

Rusiyada miqrantlara qarşı son aylarda aparılan sərt siyasətdə indi müəyyən yumşalma hiss olunur. Hətta Rusiya hökuməti miqrantlarla bağlı qoyulan kvotanı da ləğv edib. Bu fonda ehtimal olunur ki, kvotanın ləğvi ilə əlaqədar bir sıra ölkələrdən, eləcə də Azərbaycandan Rusiyaya üz tutan miqrantların sayı yenidən arta bilər.   

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı Mövqe.az saytına açıqlamasında qeyd edir ki,  kvotanın ləğvi ilə Rusiya əməkçi miqrantların fəaliyyəti üçün geniş imkanlar açır: 

"Bu və ya digər miqrantın ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmasını tənzimləyən bir neçə alət var ki, kvota onlardan biridir. Düşünürəm ki, əgər Rusiya höküməti əmək kvotasını aradan götürürsə,  bununla əmək fəaliyyəti ilə məşğul olmaq üçün  əməkçi miqrantlara geniş imkanlar açır. Bu o deməkdir ki, əməkçi miqrantların əmək fəaliyyəti ilə məşğul olması üçün əlverişli bir hüquqi mühit yaradılmalıdır. Bu gün Rusiya iqtisadiyyatının müxtəlif sahələrində əmək fəaliyyəti ilə məşğul olan çoxlu sayda miqrant var. Burda ticarətdən tutmuş tikintiyə qədər hər sahə nəzərdə tutulur. Amma Rusiya qanunvericiliyinə görə əcnəbilər ticarət sahəsində satışla məşğul ola bilməzlər. Yəni, satış həyata keçirə bilməzlər. Əmək kvotasının olmamasına baxmayaraq, bu ticarətə aid edilmir. Faktiki olaraq əksər hallarda bu və ya digər ticarət nöqtəsi hansısa Rusiya vətəndaşının adına rəsmiləşdirilir və orda Rusiya vətəndaşları satış həyata keçirir. Əcnəbilər isə öz obyektlərini qeyri-qanuni olaraq kənardan idarə edirlər. İndi əgər əməkçi miqrantlarla bağlı kvota aradan götürülürsə, müxtəlif sahələr üzrə elə şərait yaradılmalıdır ki, məsələn, orda əcnəbilər əmək müqavilələrini rahat şəkildə bağlaya bilsinlər, əmək şəraitləri qanunla tənzimlənsin, onların hüquq və azadlıqları təmin olunsun və s. 

Əgər kvota aradan götürülürsə, təbii ki, müəyyən mənada Rusiya ərazisində müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanların sayı artacaq. Bu, Rusiyaya axına səbəb ola bilər. Amma müşahidə olunacaq axın elə də geniş miqyas almayacaq. Ona görə ki, bu gün Rusiyada yaşayan çoxlu sayda azərbaycanlı var ki, rəsmi və qeyri-rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olur. Əmək kvotası aradan götürüldükdən sonra onlar iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin oluna bilərlər. Əgər bu günə qədər qeyri-rəsmi ticarət fəaliyyəti ilə məşğul olurdularsa, artıq bunu rəsmi şəkildə həyata keçirə bilərlər. Bununla həm də Rusiyada boşalmış yerlərin orda yaşayan əməkçi miqrantların hesabına doldurulması mümkün olacaq". 

Azər Allahverənov onu da bildirdi ki, Rusiyaya azərbaycanlı miqrantların axını iki istiqamətdə baş verəcək: "Amma hal-hazırda Azərbaycanda yaşayan potensial əməkçi miqrant olan vətəndaşlar Rusiya istiqamətində miqrasiya edə bilərlər. Bundan əlavə Rusiyaya azərbaycanlı miqrant axını yalnız Azərbaycandan deyil, eyni zamada Ukraynadan da ola bilər.  Bildiyiniz kimi, Ukraynada kifayət qədər əməkçi miqrant yaşayır. Hətta qeyri-rəsmi statistikaya görə, 350-500 min arası rəqəm səsləndirilir. Amma biz bilirik ki, Ukraynadakı baş verən məlum hadisələr orda normal əmək fəaliyyəti ilə məşğul olmaq üçün elə də əlverişli deyil. Və nəzərə alanda ki, siyasi müstəvidə gərginlik hələ də qalmaqdadır və çox sayda insanlar bu gün iş yerlərini itirmək təhlükəsi ilə üzləşiblər, bu zaman mən təxmin edirəm ki, Rusiyada miqrantlar üçün əlverişli mühit yaradılsa, Rusiya istiqamətində Ukraynada yaşayan əməkçi miqrantların da axını baş verə bilər. Yəni, faktiki olaraq iki xətt üzrə, həm Azərbaycandan, həm də Ukraynadan azərbaycanlılar Rusiyaya axın edə bilərlər". 

Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əlövsət Əliyev isə hesab edir ki, Rusiya keçmiş SSRİ xalqlarının ölkədə məskunlaşmasında maraqlıdır. Lakin kvotanın ləğv olunması miqrant axınında kəskin fərq yaratmayacaq: "Miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı hazırda nə sabit dövlət siyasəti, nə də proqram mövcud deyil. Sadəcə olaraq, miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı axtarışlar aparılır. Müxtəlif ölkələrin variantlarından istifadə edilir. Rusiyada kvota əməkçi miqrantlarla bağlı nəzərdə tutulub. O da Rusiyada yaşayan deyil,  bundan sonra Rusiya Federasiyasına gələcək şəxslərə şamil olunur. Bu da hamıya aid edilmir. Çünki, bura ailə birləşməsi ilə bağlı, təhsillə bağlı gələnlər var, ezamiyyətə göndərilənlər var və s. Ona görə mən hesab etmirəm ki, Rusiyada tətbiq edilən kvota bundan sonra bura gələcək  əməkçi miqrantlara tətbiq olunacaq. Eyni zamanda Rusiya azərbaycanlılar üçün daimi iş yeri deyil. Ora daha çox mövsümi fəaliyyət göstrən miqrantlar gedirlər. Ona görə mən hesab eləmirəm ki, Rusiyada miqrasiya proseslərinin sərtləşdirilməsi azərbaycanlıların ora axının təsir göstərə bilsin və ya qarşısını ala bilsin. Çünki, Rusiya bir tərəfdən qaydaları sərtləşdirirsə, digər tərəfdən sadələşdirilmiş qaydada öz vətəndaşlığının verilməsi siyasətinin irəli sürür. Yəni Rusiya maraqlıdır ki, keçmiş SSRİ vətəndaşları Rusiyaya gəlsin, orda məskunlaşsın. Amma çalışırlar ki, bunu qanuniləşdirsinlər. Ona görə mən hesab edirəm ki, kvotanın ləğv olunması miqrant artımına təsir göstərməyəcək".    


Sizin Reklam Yeriniz