Əlaqə Arxiv
news Image
2014.04.03
11:08
| A A A
NATO Azərbaycanla əməkdaşlığını genişləndirməyə qərar verdi
Üzeyir Cəfərov: “Perspektivdə postsovet məkanı və ona yaxın olan ərazilərdə NATO-nun imkan dairələri daha da genişlənəcək”

Ukraynadakı böhranlı vəziyyətlə əlaqədar NATO Şərqi Avropadakı üzv ölkələrində - Moldova, Ermənistan və Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğu bəyan edib. Həmçinin, bu dövlətlərin ordularının NATO üzvü olan ölkələrin silahlı qüvvələri ilə uyğunluğunun artırılması üçün imkanlara baxılacaq. Söhbət birgə təlimlər keçirilməsindən və hərbi qulluqçuların ixtisasının artırılmasından gedir.

Bu vəzifələrin həyata keçirilməsi üçün Moldovaya NATO-nun zabitləri göndəriləcək. Azərbaycanla energetika və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq gücləndiriləcək. Eyni zamanda NATO Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırdığına da açıqlayıb. Mütəxəssislərin fikrincə, NATO-nun bu addımı gözlənilən idi. Rusiyanın da alternativ addımlar atacağı istisna edilmir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov hesab edir ki, NATO-nun aktiv hərəkətləri Ukraynadakı proseslərlə sıx bağlıdır: "Rusiyanın Ukrayna ilə bağlı atdığı addımlar NATO-nun mənafeləri ilə yanaşı, bir qədər sanki şərəfinə də toxunub. Ona görə də NATO bu məsələləri genişləndirəcək. Son hadisələr həm ABŞ, həm də NATO-nu Rusiyanın artan iştahası fonunda daha geniş addımlar atmağa sövq edəcək. Bu isə Moskva üçün böyük problemlər yaşadacaq. Baltikyanı və Cənubi Qafqaz bölgəsi ilə bağlı NATO-nun olan planlarına müəyyən korrektələr ediləcək. Bu korrektələr ilk öncə maddi və mənəvi dəstək formasında önə çıxacaq. Burada birbaşa hərbi yardımdan, hərbi müdaxilədən söhbət getməsə də, sırf Rusiyanı sıxışdırmaq üçün NATO müəyyən strategiya ortaya qoyacaq. Burada Azərbaycanın da rolu olacaq. Cənubi Qafqazda onsuz da Gürcüstanın istiqaməti məlumdur. Bir qədər qaranlıq qalan Ermənistandır. Ancaq orada Ermənistanın da adı çəkilir. Ola bilsin ki, müəyyən planlarda Ermənistan rol alsın. Çünki, Ermənistan çox çətin durumdadır. Əgər NATO Ermənistana Rusiyadan çox vəsait sərf edərsə, yəqin ki, Ermənistan NATO ilə əmkdaşlığını yeni müstəviyə keçirə bilər. NATO fəaliyyətini Estoniyadan Azərbaycana qədər genişləndirilməsini nəzərdə tutur. NATO Ukraynadakı proseslərin sonrakı mərhələlərini proqnozlaşdırıb. Qərb Rusiyaya etdiyi hərəkəti bağışlamayacaq. Ona görə də perspektivdə postsovet məkanı və ona yaxın olan ərazilərdə NATO-nun imkan dairələri daha genişlənəcək. Nəzərə alaq ki, oktyabrda NATO-nun yeni baş katibi fəaliyyətə başlayacaq. O da Skandinaviya ölkələrini təmsil edir. Estoniyadan başlayaraq bu genişlənmənin sürətinin artması o ümidi yaradır ki, Rusiya Ukrayna ilə bağlı atdığı addıma görə dünya ilə üz-üzə qalmasını anlayacaq. Soyuq müharibə olacaq. Amma hansısa güc amilindən istifadə olunacağını dşünmürəm. Daha çox diplomatik və ölkələrin dəstəklənməsi fonunda işlər aparılacaq. ABŞ ilə NATO elə bir strategiya quracaqlar ki, həm Moldovanı, həm Cənubi Qafqazı, həm də Baltikyanı ölkələri mümkün təhlükələrdən qorumaq üçün bu ölkələrə dəstək versinlər".

Ekspertin fikrincə, artıq Rusiyanın qıcıqları var: "Amma Rusiya bütün bunların günahını özündə axtarmalıdır. Bu günə qədər Rusiya ilə NATO arasında müsbətə doğru addımlar atılırdı. Ancaq artıq Rusiya NATO-nun bu proseslərinə də maneə ola bilməz. Reaksiyası danışmaq və sonda sakitləmək olacaq. Çünki bu, ölkələrin seçimidir. Neçə ki, Rusiya Ermənistan və digər mütəffiqləri arasında müqavilə mövcuddur. Rusiyanın Ukraynaya atdığı addım dünyaya meydan oxumaq deməkdir. Moldovadan da söhbət gedir. Hətta artıq başda V. Jirinovski olmaqla Rusiyanın axmaq siyasətçiləri Qarabağın Rusiyaya birləşməsindən danışırlar. Bunlar özünün şovinist fikirlərini bəyan edirlərsə, hansısa etimaddan söhbət gedə bilməz. NATO bunu asanlıqla həzm edə bilməz. NATO-nun yaxın zamanlarda atacağı addımlar Rusiya üçün çox böyük problemlər yaradacaq. Onsuz da onu iqtisadi blokadaya alıblar. Rusiya çalışacaq ki, NATO-nun planlarını pozsun. Amma bu, Rusiya üçün çox çətin olacaq. Çünki, ona dəstək olacaq ölkələr Ermənistan, Nikaraqua, Kubadırsa, bu dəstəyin nə qədər olacağı aydındır".

Sizin Reklam Yeriniz