Əlaqə Arxiv
news Image
2014.04.03
15:25
| A A A
Tikinti şirkətləri qarşısında yeni şərtlər irəli sürülə bilər
Rövşən Talıbzadə: «Çoxmərtəbəli bina tikilərkən pilləkənlərlə yanaşı, əlil arabasının da hərəkəti üçün maili bir hamar sahənin olmasının şərt kimi qoyulması labüddür» Ramil Osmanlı: «Bəzi şirkətlər bu qaydalara ya əməl etməyiblər, ya da onu normativlərə uyğun şəkildə həyata keçirməyiblər»

Qonşu Rusiyada çoxmərtəbəli binalar tikilərkən onların qarşısında indi yeni tələblər qoyulmağa başlanıb. Belə ki,  yeni tələblərə görə, hər binanın altında mütləq avtomobil dayanacaqları ollmalıdır. Bundan əlavə fövqəladə hallar baş verən zaman əhalinin binadan təcili evakuasiyası üçün xüsusi qəza liftləri quraşdırılmalıdır. Həmçinin, binalarda yaradılan infrastrukturdan əlil vətəndaşların da rahat istifadəsi üçün şərait yaradılmalıdır.  

Görüb-götürmək hər zaman yaxşıdır. Bu mənada qonşu ölkədəki sözügedən təcrübənin ölkəmizdə də tətbiqi məqsədəuyğun olardı. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə Rusiyada binalar tikilərkən qoyulan şərtlərin ölkəmizdə də tətbiqinin atıq labüd olduğunu düşünür: "Ümumiyyətlə, cəmiyyətimizdə əlillərə diqqətlə bağlı hələ də bir sıra çatışmazlıqlar var. Yəni, söhbət təkcə binaların quruluşundan getmir. Məsələn, bəzi xarici ölkələrdə adi bir stadion tikərkən belə, orda əlillər üçün ayrıca şərait yaradırlar ki, onlar insanların arasında öz əlil arabası ilə gəlib futbol izləyə bilir. Yəni, o, əlil olduğunu insanlar arasında hiss eləmir.  Çoxmərtəbəli binalar tikərkən əlil insanlar da buradakı infrastrukturdan istifadə edə bilsinlər deyə liftin düymələrinin əlillər üçün rahat olan hansısa hissədə də olması nəzərdə tutulmalıdır.  Yəni, bu gün  çoxmərtəbəli binalarda yaşayan insanların heç də hamısı sağlam deyil. Onlar arasında əlil insanların da ola biləcəyi nəzərə alınaraq belə tədbirlər görülməlidir. Və yaxud da pilləkənlərlə yanaşı, əlil arabalarının da hərəkət edə biləcəyi panduslar yaradıla bilər.

Belə panduslar dükanlarda da yaradılmalıdır. Bu gün hansısa dükana girərkən görürük ki, orda yalnız pilləkənlər qoyulur. Halbuki orda pilləkənlərlə bərabər əlil arabalarının hərəkəti üçün panduslar yaradıla bilər ki, əlil arabası ilə olan vətəndaş heç kəsin köməyi olmadan mağazaya daxil ola bilsin. Və yaxud da elə bugünkü şəhər nəqliyyatına baxaq. Bu gün hansı əlil araba ilə hansısa avtobusa minə bilər? Əlbəttə ki, kiminsə yardımı olmadan onun avtobusa minməsi çətinlik törədər. Ona görə də xarici təcrübəyə əsaslanmaq lazımdır. Biz adətən nəqliyyat vasitələrimizi xarici ölkələrdən  alırıq. Biz onları aldığımız ölkələrdə avtobuslarda pilləkənlər açılarkən, onunla yanaşı, əlillərin araba ilə çıxa bilməsi üçün panduslar da açılır. Amma biz ölkəmizdə belə nəqliyyat vasitələrini görmürük. Həmin ölkələrdən gətirilsə belə.  Bu gün doğurdan da belə bir qayğıya ehtiyac var. 

Çoxmərtəbəli binalar da  tikilərkən şərt kimi qoyula bilər ki, burda xüsusi qurğular quraşdırılmalıdır. Bu, sifarişlə hazır olunur. Özümüzün lift istehsalı zavodumuz var. Və yaxud da hansısa  başqa ölkədən gətirmək olar. Sifariş vermək olar ki, lift düzəldilərkən onlarda əlillər üçün də rahat ola biləcək düymələrin qoyulsun. Və yaxud da çoxmərtəbəli bina tikilərkən pilləkənlərlə yanaşı, əlil arabasının da hərəkəti üçün maili bir hamar sahənin olmasının şərt kimi qoyulması labüddür".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı isə bildirir ki, əslində, Azərbaycanda da tikinti norma və tələblərində bu müddəalar əks olunur:  "Şirkətlər (MTK-lar) eskiz və işçi layihələrdə bu məqamları əks etdirirlər. Bir çox ciddi şirkətlərin tikdikləri binalarda toxunduğunuz məsələlər öz əksini tapıb. Amma bəziləri təəssüf ki, bu qaydalara ya əməl etməyiblər, ya da normativlərə uyğun şəkildə həyata keçirməyiblər. Bu isə əsasən nəzarətin zəif olmasından və ya subyektiv amillərin təsirindən qaynaqlanır".


Sizin Reklam Yeriniz