Əlaqə Arxiv
news Image
2014.04.03
16:57
| A A A
Əflatun Amaşov: «KİVDF-nin timsalında dövlətin mediaya xoş niyyəti dolğun ifadə vasitəsini tapdı»

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) yaranasmından 5 il ötür. Mətbuat Şurasının Sədri Əflatun Amaşov KİVDF-nin 5 illik fəaliyyəti ilə bağlı fikirlərini Movqe.az-la bölüşüb. 


- Əflatun müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından 5 il ötür. Sizcə, ötən müddəti Azərbaycan mediasının durumu baxımdan necə xarakterizə etmək mümkündür?


-Beş il kiçik zaman kəsiyidir. Ancaq Fondun gördüyü işlər elə təəssürat formalaşdırır ki, sanki bu müddət beş deyil, daha artıqdır. Həqiqətən də qurum Azərbaycan mediası ilə bağlı dinamik struktur olmağı bacarıb. Mövcud statusa ilk növbədə medianı dinamikləşdirməyə, möhkəmləndirməyə yönələn tədbirlərin zəruriliyini ön plana çəkən ölçü meyarı, müəyyən mənada etalon kimi də yanaşmaq mümkündür. Düşünürəm ki, ötən beş ildə həm kütləvi informasiya vasitələri, həm də orada çalışan jurnalistlər Fondun fəaliyyəti nəticəsində yaranmış imtiyazlardan kifayət qədər bəhrələndilər. Özünü maliyyələşdirmək imkanlarının, reklam bazarının zəif olduğu bir dönəm üçün belə bir faydalı strukturun mövcudluğu müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan dövləti mediaya həmişə böyük diqqət və qayğıyla yanaşıb. Ənənə halına çevrilən bu xətt özünü müxtəlif fərman və sərəncamlarda göstərib. Lakin Fondun yaranması dövlətin mövcud istiqamətdəki fəaliyyətinə sanki bir quruluş, nizam verdi. Qurum jurnalistikaya verilən dəyər, eyni zamanda jurnalist adını daşıyan vətəndaşın sosial vəziyyətinə reaksiya olaraq meydana çıxdı. Bu reaksiya sonradan media təmsilçiləri üçün mənzil tikintisi kimi əlahiddə tədbirlə daha da operativlik qazandı. Bir sözlə, KİVDF-nin timsalında dövlətin mediaya xoş niyyəti dolğun ifadə vasitəsini tapdı. Zənnimcə, ötən beş ildə Azərbaycan jurnalistikası həmin xoş niyyətdən qaynaqlanmış digər çoxsaylı tədbirlərlə istər maddi, istərsə də mənəvi psixoloji durumunu xeyli dərəcədə yaxşılaşdırdı.


- Fondun yaradılması ilə bağlı müzakirələrin getdiyi çox da uzaq olmayan keçmişə nəzər salmağınızı istərdik. Məlumdur ki, məsələni birmənalı qarşılamayanlar da var idi…


- 2005-ci ildən sonra dövlətin mediaya dəstək göstərməsilə bağlı məsələ xeyli aktuallaşmışdı. Əlbəttə, Azərbaycan mediası dövlətin diqqətindən kənarda qalmamışdı. Bir qədər öncə də qeyd etdim ki, jurnalistikamız hər zaman qayğısıyla əhatə olunub. Sadəcə müzakirələrin mövzusunun mövcud siyasəti təkmilləşdirmək üzərində qurulması get-gedə daha qəti xarakter daşıyırdı. Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsinə dair sərəncam imzaladı. Dövlət başçısı həmin il iyul ayının 21-də keçirilən təntənəli mərasimdəki çıxışında media, ümumən söz və ifadə azadlığı ilə bağlı prioritetləri açıqladı. Prezidentin çıxışı əslində dövlətin iradəsinin nümayişi idi. Çünki media spesifik sahədir. Ona önəm verilməlidir. Ancaq müasir dünyanın media ilə bağlı baxışlarındakı müxtəlif məqamlara nəzər salsaq, bu önəmsəmə fərqli də qarşılana bilərdi. Yaxşı yadımdadır ki, müəyyən dairələr dövlət yardımını dövlətin medianı ələ alması kimi dəyərləndirməyə başlamışdılar. Ancaq zamanla mövcud istiqamətdə aparılan işlərin spektri belə iddiaların əsassızlığını ortaya qoymaqla yanaşı, məsələyə fundamental yanaşıldığını da təsdiqlədi. Belə yanaşma Azərbaycan dövlətinin, şəxsən cənab prezident İlham Əliyevin mövqeyi idi və bu siyasətdə seçilən əlahiddə xətt KİV-lərin cəmiyyətin maraqlarının qorunması işinə səfərbər edilməsi prinsipinə söykənirdi. Əlbəttə, cəmiyyətin maraqları eyni zamanda dövlətin də maraqlarıdır. Dövlət öz işini ictimaiyyətdən gələn sifarişləri dəyərləndirməklə qurur. Məsələnin hər kəsə çatdırılması lazım idi ki, hər hansı yanlış anlaşılmalara yer qalmasın. Hesab edirəm ki, bu iş müvəffəqiyyətlə reallaşdırıldı. Fondun fəaliyyətə başlaması və gerçəkləşdirdiyi tədbirlər də fərqli yanaşmaların doğru olmadığını təsdiqlədi. 


- Siz dövlətin mediaya qayğı siyasətindən söz açdınız. Mövcud siyasətdə Fondun daşıdığı missiyanın hansı spesifik cəhətlərini vurğulamaq mümkündür.


- Bu cəhətlər "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda kifayət qədər əksini tapıb. Konsepsiya son illərdə ölkədə media sahəsində imzalanmış ən dəyərli, kompleks səciyyə daşıyan mükəmməl sənəddir. Jurnalistikamızın infrastrukturu yeniləşməli, jurnalistlərin peşəkarlığı təkmilləşdirilməlidir ki, medianın cəmiyyətin sosial-siyasi və mədəni həyatına təsir gücü artsın, mediamız cəmiyyətin ondan gözlədiyi dördüncü hakimiyyət mövqeyində iddialı olsun. Sənəd bu kimi həlli vacib olan vəzifələrin icrası yollarının dəqiq və aydın şəkildə müəyyənləşdirilməsində müstəsna əhəmiyyət daşıyır. Fondun Nizamnaməsinə diqqət yetirdikdə orada Konsepsiyada göstərilən məramların gerçəkləşdirilməsi üçün zəruri tədbirlər mexanizmlərinin tam şəkildə nəzərdə tutulduğunu görmək mümkündür. Konkret məqsədlərə gəldikdə, ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, cəmiyyət və media orqanları arasında səmərəli əməkdaşlığı genişləndirmək, əhəmiyyətli, habelə KİV-lərin fəaliyyətinin təkmilləşməsini hədəfləyən və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirmək prioritet seçilir.  Əlbəttə, məsələ heç də təkcə pulda deyil. Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə də KİV-lərə hansısa formada maliyyə yardımları edilirdi. Deməli, ayrıca sənədin ortaya çıxması və qurumun formalaşması əlahiddə mərama hesablanmış strategiyadır. Prinsipial baxımdan qeyd edilməli məqam strategiyanın hansı metodlarla həyata keçirilməsidir. Zənnimcə, ötən müddətdə KİVDF-nin daşıdığı missiya həmin metodların bu gün üçün ən effektivinin ortaya qoyulmasına şərait yaratdı. Digər tərəfdən, baxın, hazırda Fond müxtəlif dövlət qurumları, icra orqanları ilə birgə jurnalistlər üçün müsabiqələr təşkil edir. Bu, sıradan məsələ deyil. Həmin strukturların media ilə təmasları artır, həmçinin media onların ictimai mahiyyət daşıyan bir çox funksiyalarının icrasına cəlb olunur. Bu mənada Fond bir növ, körpü yaradır. Hesab edirəm ki, mövcud missiya da son dərəcə əhəmiyyətlidir. Mən daha bir məqam üzərində dayanmaq istərdim. Dünya miqyasında ötən əsrin 60-cı illərindən başlayaraq gündəlik qəzetlərin tirajları düşməyə başlayıb. Ümumiyyətlə, gündəlik nəşrlərin sayları da azalmağa doğru gedib. Hətta Avropanın oxucularının çoxunun gündəlik qəzetlərə meyl göstərdiyi ənənəvi qəzet ölkələrində abunəçilərin sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə düşüb. Qəzet oxumağın orta davamlılığında da geriləmələr var. Burada medianın daha çox biznesyönümlü səciyyə daşımağa doğru getməsini vurğulamaq lazımdır. Nəticədə ənənəvi KİV-in üzərinə düşən ictimai məsuliyyət də sıradan çıxmağa başlayır. Qərbdə bu tendensiya geniş vüsət alıb. İnternet medianın təşəkkül tapması ilə həmin mənfi prosesin Azərbaycan üçün də aktuallığı qaçılmaz ola bilər. Nəzərə alaq ki, ənənəvi mediadan onlayn mediaya keçid hər bir halda labüddür. Amma keçidin itkisiz olması şərtdir. Bunun üçün isə ictimai maraqların sistemli müdafiəsinə ehtiyac var. Deməli, dayanıqlı qəzet modeli saxlanılmalıdır. Ən azından internet medianın hüquqi prosedur predmentindən kənar olduğu indiki zamanda qəzetlər cəmiyyətin və dövlətin maraqlarının dolğun uzlaşdırılma nöqtəsi kimi lazımdır. Zənnimcə, 


- Əflatun müəllim, KİVDF-nin gələcək fəaliyyətini necə təsəvvür edirsiniz. Sizcə, qurumun daha hansı istiqamətlərdə fəaliyyət göstərməsi onun faydalılığının artmasına təsir göstərə bilər?


- Əlbəttə, Konsepsiyada göstərilənlər və Fondun Nizamnamə prinsiplərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyət önəmlidir. Hətta deyərdim, altenrativsizdir. Ancaq Konsepsiya əvvəldə də bildirdiyim kimi, fundamental əhəmiyyət daşıyan hüquqi sənəddir. Onun bir çox xüsusiyyətlərindən söz açılıb. Təkrarlamaq istəməzdim. Məsələn, vaxtılə ölkə mediasının aparıcı tərkib hissəsi olan regional mətbuatın durumun yaxşılaşdırılması Konsepsiyanın ayrıca bəndlərindən biridir. Onlara müsabiqəsiz maliyyə yardımı ayrıla bilər. Bu kimi yardımların subvensiyalar, subsidiyalar, sosial reklamlar şəklində olması mümkündür. Mədəni, sosial və uşaqlar üçün xüsusi nəşrlərə isə ünvanlı yardımların ayrılması, ümumən KİV-lərə uzunmüddətli, güzəştli kreditlərin verilməsi kimi məsələlərə Konsepsiyada geniş yer verilib. Bu isə o deməkdir ki, Fondun gələcək fəaliyyəti üçün kifayət qədər geniş zəmin var. Güman edirəm, Azərbaycan dövlətinin maddi imkanları artdıqca Fondun işi daha sistemli şəkil alacaq. 


Sizin Reklam Yeriniz