"Quş qripi” ilə bağlı monitorinq başladı
"Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət
mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam
etdirir. DBX-dən Movqe.az-a verilən
xəbərə görə, aprelin 7-dən növbəti monitorinq başlanıb. Monitorinq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin,
Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və
əməkdaşlarının iştirakı ilə aparılır. Monitorinq köçəri quşların
ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran,
Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və
parklarda, həmçinin ölkənin dənizsahili zonalarında və digər
ərazilərdə keçirilir. Bundan əlavə, monitorinq aparılan müddətdə
quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi
planlaşdırılıb. Ölkə ərazisində köçəri və ev quşlarına görə
başlanan monitorinqin nəticələri aprelin 18-də ictimaiyyət üçün
açıqlanacaq. Qeyd edək ki, hazırda "quş qripi" xəstəliyinə
görə Azərbaycanda epizootik vəziyyət sabitdir.