Əlaqə Arxiv
news Image
2012.06.20
15:54
| A A A
“Bundan artıq güzəştə getmək niyyətimız yoxdur”
“Gərək baş redaktorlar, jurnalistlər yalan, böhtan xarakterli yazılara imkan verməsinlər”

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsini və bununla bağlı ayrıca bəyanatla çıxış etməsini dəyərləndirib. Əli Həsənov "Media forum" saytına deyib ki, həmsədr ölkələrin rəhbərləri ötən il də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər: "Üç prezidentin ötən il verdikləri bəyanatda qeyd olunmuşdu ki, status-kvonun saxlanması yolverilməzdir və münaqişənin həllində irəliləyişə nail olunması zəruridir. Hesab edirik ki, 18 iyun bəyanatı həmsədr ölkələrin iradəsinin davamıdır. Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır.

Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub. Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur".

Həmsədr ölkələrin Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinməyə çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən çəkinmək BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi təməl prinsiplərdəndir: "Bu prinsip mübahisəli məsələlərin, münaqişələrin dinc yolla həllini, müharibəyə yol verməməyi nəzərdə tutur. Ona görə də üç prezidentin birgə bəyanatında bu məsələyə toxunulmasını həmin prinsipə istinad olunması kimi dəyərləndiririk. Amma bu o demək deyil ki, ərazi işğalı faktı uzun müddət davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququndan məhrum olacaq. Azərbaycan bu hüququ özündə saxlayır. Lakin biz də bu məsələnin sülh yolu, danışıqlarla həll olunmasına tərəfdarıq. Üç həmsədr ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələri kimi dəyərləndiririk".

Əli Həsənov daha sonra qeyd edib: "Hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir. Jurnalistlərin həbs olunmasını, qəzetlərin bağlanmasını, cəriməyə məruz qalmasını heç vaxt istəməmişik. Amma gərək baş redaktorlar, jurnalistlər, bütövlükdə mətbuat da bunu istəsin və heç bir fakta əsaslanmayan, yalan, böhtan xarakterli yazılara, belə halların təkrarlanmasına imkan verməsinlər". Əli Həsənov bildirib ki, istər məmur, istər iş adamı, istərsə də digər vətəndaşlar öz şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq hüququna malikdir: "Bu, konstitusiya ilə təsbit olunmuş hüquqdur və onu vətəndaşın əlindən heç kim ala bilməz. Cənab prezident İlham Əliyev 2005-ci ildə demişdi ki, mətbuatla mübahisələr, jurnalistlərə qarşı məhkəmə prosesləri və digər məsələlər qəzetlərin bağlanmasına və jurnalistlərin həbsinə səbəb olmamalıdır. 2005-ci ildən faktiki olaraq yazısına görə jurnalistlərin həbsinə və qəzetlərin bağlanmasına moratorium qoyulub. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmamasına baxmayaraq, belə bir moratorium var, indi də qüvvədədir. Amma bu moratorium adi vətəndaşların, məmurların, mətbuatda hüquqları pozulmuş insanların məhkəməyə müraciət etməsinə, qəzetləri, onun redaktorunu, yazarlarını inzibati qaydada cərimələtməsinə və digər inzibati cəzalara cəlb etdirməsinə heç bir maneə törətmir".

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Azərbaycan qəzetləri müasir dövrdə insan hüquqlarının ali prinsip olduğunu qəbul etməli, bu çərçivədə işləməyi öyrənməlidir, vətəndaşların, məmurların hüquqlarını, işgüzar nüfuzunu, şərəf və ləyaqətini gözləməyi bacarmalıdır.

Sizin Reklam Yeriniz