Əlaqə Arxiv
news Image
2012.06.20
15:57
| A A A
“Aztelekom”un özəlləşdirilməsi istiqamətində işlər davam etdirilir
CATEL şəbəkəsi də özəl şirkətlərə verilə bilər

Son zamanlar "Aztelekom"un inkişafı elə sürətlə gedir ki, onun özəlləşdirilməsinə maraqlı olan həm daxili, həm də xarici şirkətlərin sayı çoxalır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə bildirib.

O qeyd edib ki, özəlləşmə qabağı "Aztelekom"da müəyyən işlər aparılır, həmçinin böyük investisiya layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Nazir bildirib ki, ən böyük investisiya layihəsi 350 milyon manatlıq investisiya layihəsidir. "Bu layihə 2015-ci ilə qədər bütün Azərbaycanda optik şəbəkə ilə evlərə yüksəksürətli internetin verilməsini nəzərdə tutur", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, layihə rentabelli olduğundan, "Aztelekom" bunun üzərində işləyir. "Aztelekom" bir tərəfdən həm kapitalını artırır, həm də Əmlak Komitəsi özəlləşdirmə ilə bağlı işlər görür.

Əli Abbasov bildirib ki, CATEL şəbəkəsinin fəaliyyətinin bərpası üçün işlər davam etdirilir, şəbəkənin işləməsi üçün özəl sektora müraciət olunub. O qeyd edib ki, artıq bir neçə özəl şirkət CATEL şəbəkəsi ilə maraqlanıb.

"Əgər onları qane edərsə, normativ hüquqi tələbləri ödəyib, şirkətin fəaliyyətini davam etdirəcəklər", – deyə, Ə.Abbasov vurğulayıb.

Lakin nazir qeyd edib ki, müraciət edən şirkətlər çox olmadığından hələlik tender elan olunmayıb.

Ə.Abbasovun bildirdiyinə görə, CATEL şəbəkəsinin fəaliyyətinin davam etdirilməsi üçün BTRİB və AZTELEKOM CDMA şəbəkəsinə müraciət olunub. "Hər iki şirkət CATEL-in iqtisadi göstəriciləri ilə tanış olublar, amma almaqdan ehtiyat edirlər", – deyə, o bildirib.

Nazirin sözlərinə görə, 2020-ci ildə Azərbaycanın İKT-dən götürdüyü gəlir 8-9 mlrd. dollara çatacaq. O qeyd edib ki, 2011-ci ildə İKT-dən əldə olunan gəlir 1,3,-1,5 mlrd. dollar olub. On il ərzində İKT-nin inkişafı 5 dəfə artırılmalıdır.

Ə.Abbasov bildirib ki, 2009-cu ildə İKT gəlirlərinin artım tempi 14 faiz, 2011-ci ildə isə 13 faiz olub. Onun sözlərinə görə, gələcəkdə orta artım tempinin 20 faiz ətrafında olacağı proqnozlaşdırılır.

10 il ərzində İKT-nin ÜDM-lə həcmi 10 faiz olacaq. Onun sözlərinə görə, istehsal sahəsində İKT-nin həcmi 25 faizə çatdırılacaq. 2020-ci ildə İKT-yə 800 mln. dollar investisiya qoyulacaq.

"2012-2020-ci illərdə Azərbaycan hökumətinin İKT-yə qoyduğu investisiya 3,6 mlrd. dollar olacaq", - deyə nazir bildirib.

Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, Azərbaycanda əhalinin 50-60 faizi aşağı qiymətlə internet xidmətlərinə üstünlük verir. Əli Abbasov deyib ki, Azərbaycanda sürətli internet ilə bağlı problem yoxdur, bu, sadəcə, xidmətlə bağlı ödənilən pula bağlıdır. O, internet xidmətlərinin qiymətinə də toxunub: "Azərbaycanda tələb yüksək olduğu üçün internet xidmətlərinin qiyməti aşağı düşmür".

Rabitə və informasiya texnologiyaları naziri "Katel" şəbəkəsinin özəl şirkətlərə də təklif edildiyini, "Aztelekom" şirkətində özəlləşməyə hazırlıq prosesinin getdiyini də bildirib: "Aztelekom" şirkəti özəlləşmə məsələsini gözləmədən kapitalını artırır, böyük layihələr həyata keçirir. Məsələn, fiber-optik şəbəkə ilə bağlı "Aztelekom" 342 milyon manatlıq layihə həyata keçirir. Əmlak Məsələləri Dövlət Komitəsi isə paralel olaraq "Aztelekom"un özəlləşdirilməsi sahəsində iş aparır. "Aztelekom"la daxili və xarici şirkətlər maraqlanırlar".

Əli Abbasov rəqəmsal yayıma keçidlə bağlı 130 min ailəyə pulsuz tunerlərin verilməsi məsələsinin də gündəmdə olduğunu bildirib: "Milli Radio və Televiziya Şurası belə bir təklif irəli sürüb. Söhbət ünvanlı sosial yardım alan ailələrdən gedir. Bu məsələyə baxılır. Ümumiyyətlə, kommersiya şirkətləri də əhalinin pulsuz tunerlərlə təmin edilməsində maraqlıdırlar. Çünki, rəqəmsal yayıma keçid onlar üçün də gəlir gətirəcək".

Sizin Reklam Yeriniz