"Dağlıq Qarabağ münaqişəsinin həlli hamımız üçün
olduqca vacibdir"Bu sözləri Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyasında AŞ
Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici
işlər naziri Sebastian Kurts qurumda Azərbaycan nümayəndə heyətinin
üzvü Qənirə Paşayevanın Ermənistanın Azərbaycanın ərazilərini işğal
etməsi nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərinin
vəziyyəti ilə bağlı suala cavab verərkən deyib.Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər
Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts
Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə
ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını
cavablandırıb. Millət vəkili sualında bildirib: "Cənab nazir,
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq mənim millət
vəkili seçildiyim bölgədə 9 gün əvvəl mülki vətəndaş Etibar
Tağıyevi snayperlərlə yaralayıblar. Bundan başqa, çoxlu sayda mülki
insanlar, onların evləri atəşə tutulub və böyük zərər
yetirilib. Nəzərinizə çatdırım ki, bu kimi hallar
tez-tez baş verir. Sədr kimi bu hallara münasibətinizi bilmək
istərdim. Eyni zamanda, Ermənistanın işğalının hələ də davam etməsi
səbəbindən 20 ildən artıqdır ki, evlərinə dönə bilməyən 100
minlərlə azərbaycanlı məcburi qaçqın və köçkün pozulan hüquqlarının
müdafiəsi və öz yurdlarına dönə bilmək üçün sizdən - AŞ Nazirlər
Komitəsindən 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün dəstək
gözləyirlər.9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması
istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr
kimi narahat edirmi?"