Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib.
Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlılığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm Dövlət proqramları qəbul olunmuşdur. Proqramlara əsasən Naxçıvan Muxtar Respublikasında da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın
elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə,
ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların
fəaliyyətə başlaması Naxçıvanın iqtisadi
inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan
başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə
tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım
edir. Bütün bunlar Prezident İlham Əliyevin belə vacib və strateji
əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını
bir daha təsdiqləyir. Təsadüfi deyildir ki, dövlətimizin başçısının
diqqət və qayğısı sayəsində hələ 2006-cı ildə Naxçıvanın enerji
təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü
87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır.
Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan
Qaz-Turbin Elektrik Stansiyasının gücü artaraq 60 meqavat olmuşdur.
Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən
tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat
gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlamış,
Şərur rayonunda "Arpaçay" Su Elektrik Stansiyasının işə salınması
istiqamətində mühüm işlər görülmüşdür.
Əvvəlcə "Arpaçay-2" Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış
olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat
gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon
kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada
son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz
təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin
suvarılmasına əlverişli imkanlar yaradır.
Dövlətimizin başçısı "Arpaçay-2" Su Elektrik Stansiyasını işə saldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də "Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında" imzaladığı Sərəncam əsasında aparılmışdır. Sərəncama əsasən, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.
Sonra Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, gücü 20,5 meqavat
olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası,
tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici
saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu
turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş,
havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150
milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin
sahəsi suvarılacaqdır.
Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi
yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə
sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi
nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat
gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu
energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır.
İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə
transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110
kilovoltluq elektrik xətləri çəkilmişdir.
Prezident İlham Əliyev "Arpaçay-1" Su Elektrik Stansiyasını işə saldı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, iqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu prosesə hazırda Şərur rayonu ilə yanaşı, Ordubadda 36 meqavat gücündə inşa olunan yeni elektrik stansiyasının tikintisi də əsaslı töhfə verəcəkdir. Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir. Nəticədə blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir.
Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki,
bu gün Naxçıvanda əlamətdar bir gündür: "Biz "Arpaçay-1 və 2" su
elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu
göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir.
Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika
çox dinamik inkişaf dövrünü yaşayır.
Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar
ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək
səviyyədədir. Bu münasibətlə bütün Naxçıvan sakinlərini, Naxçıvan
Muxtar Respublikasının rəhbərliyini ürəkdən təbrik edirəm".
Prezident bildirib ki, Naxçıvan şəhəri gözəlləşir, abadlaşır, sosial proqramlar icra edilir, sosial infrastruktur layihələri uğurla həyata keçirilir: "Əlbəttə ki, Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz "Vayxır", "Biləv" su elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın".
İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan reallıqları bundan ibarətdir: "Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərmiş Azərbaycan, bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu ixrac getdikcə artır, daha da artacaqdır. Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq".
Dövlət başçısı bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası
demək olar ki, tam qazlaşdırılıbdır, qazlaşdırılma 100 faizə
yaxındır: "Elektrik enerjisi ilə təminat yüksək səviyyədə təşkil
edilibdir. Yəni, muxtar respublikanın enerji təhlükəsizliyi
məsələləri tamamilə öz həllini tapıbdır. Bu gün dünyada enerji
təhlükəsizliyi məsələləri, ümumiyyətlə, ön plana çıxır. Biz görürük
ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin ümumi təhlükəsizlik
məsələləri ilə sıx uzlaşır. Yəni, özünü enerji təhlükəsizliyi
baxımından rahat hiss etməyən ölkələr böyük problemlərlə
üzləşirlər. Orada asılılıq yaranır. Azərbaycan öz enerji siyasətini
Ulu Öndərin siyasəti sayəsində elə qurub ki, bu gün Azərbaycan tam
enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji
təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır və bu rol
getdikcə artacaqdır.
Əlbəttə, Naxçıvanın enerji potensialının yaradılması və inkişafı
həmişə gündəlikdə duran məsələ olubdur. Bu məsələ artıq həll edilib
və deyə bilərəm ki, bu, tarixi hadisədir. "Arpaçay" su elektrik
stansiyalarının tikintisi də bu gün dövlətimizin gücünü göstərir.
Çünki bu layihə texniki cəhətdən çox çətin bir layihədir. Bu
layihəni Azərbaycan mütəxəssisləri, fəhlələri icra ediblər. Bu
dağlar arasında tunel tikilibdir, qurğular yaradılıbdır. Layihənin
icrası dövründə yeni bir təşəbbüs Naxçıvan Muxtar Respublikası
rəhbərliyi tərəfindən irəli sürülmüşdür və "Arpaçay-2"
stansiyasının tikintisi də artıq reallaşıbdır. Yəni, budur bugünkü
müasir yanaşma və budur Naxçıvanın inamlı inkişafı.
Qeyd etdiyim kimi, burada sosial, iqtisadi məsələlər uğurla həll
edilir, Naxçıvanın hərbi gücü lazımi səviyyədədir. Bu gün Naxçıvana
gətirilmiş yeni texnikanın nümunələri ilə tanış olmuşam".
Prezident qeyd edib ki, respublikanın inkişafı üçün bütün işlər
görülür, işsizlik demək olar ki, aradan götürülübdür, yeni iş
yerləri açılır: "Yəni, dinamik inkişaf təmin edilir.
Hər bir ölkənin, respublikanın, o cümlədən Naxçıvan Muxtar
Respublikasının inamlı inkişafı üçün elektrik enerjisi birinci
şərtdir. Siz energetiklər bunu yaxşı bilirsiniz. Enerji hər bir
inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan
və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll
edibdir. Bu, böyük hadisədir, tarixi nailiyyətdir. Bu hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar,
cansağlığı arzulayıram".
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı.