Nazir rüşvət alan polisi işdən qovdu
Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət
alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili
İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis
İdarəsində apardığı yoxlamalar başa
çatıb. Bu barədə "Axar.az"ın
sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy
DİN rəhbərliyinə təqdim edilib: "Göyçay RPŞ-nin Dövlət Yol
Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən
aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə
təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil
Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman
Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti
normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət
etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə
tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili
işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi
hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric
edilib.