Əlaqə Arxiv
news Image
2014.04.08
19:38
| A A A
Bakıda çirkli pulların yuyulması müzakirə edildi
Baş Prokuror Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroş ilə görüşüb

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroşu qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, aprelin 8-də Azərbaycanın Baş prokuroru Z.Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri G.Yaroşun başçılıq etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub.Qonaqlara son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilib. Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib.Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən G.Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib.Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanıb. G.Yaroş BPA-nın tədbirlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi üçün birgə veb saytın yaradılması təklifi ilə çıxış edib.Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyadıb.Qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.Daha sonra G.Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılıb. Beynəlxalq Prokurorlar Assosiasiyası nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Sizin Reklam Yeriniz