Bulvardakı intihara cəhdlə bağlı Rəsmi məlumat
Fövqəladə Hallar Nazirliyi ötən gün axşam
saatlarında Dənizkənarı Milli Parkın ərazisində intihar cəhdi ilə
bağlı məlumat yayıb. FHN-in saytında verilən xəbərə görə, Bakı
şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1
nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının xilasediciləri
lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə
hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər. Zərərçəkmişlər FHN-in
dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə
təhvil veriliblər. Əməliyyat saat 23:03-də başa çatıb.