Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2015-ci ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulmasına qərar verib.
Trend-in məlumatına görə, bu qərar Assambleyanın
dördüncü iş günündə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı
deputat Ştefan Şennax tərəfindən hazırlanan "Əsaslı səbəblərə görə
Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş
səlahiyyətlərinə yenidən baxılması" adlı hesabat ətrafında aparılan
müzakirələrin sonunda və onun qətnamə layihəsinə keçirilən
səsvermənin nəticəsində verilib.
Qeyd edək ki, 145 nəfər qətnamə layihəsinin lehinə, 21 nəfər isə
əleyhinə səs verib. 22 nəfər bitərəf qalıb.
Bundan əlavə, Assambleya növbəti qış sessiyasına kimi
Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi,
eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına
qərar verir.
Beləliklə, AŞ PA səsvermə hüququnu dondurmaqla, Rusiya nümayəndə
heyətinin səlahiyyətlərini təsdiq edir. Bundan sonra Rusiya
nümayəndə heyəti 2015-ci ilin yanvar ayına kimi AŞ PA-da
fəaliyyətini səsvermə hüququ olmadan davam etdirəcək.
Halbuki səsverməyə çıxarılan qətnamə layihəsinin 14-cü bəndinə
təklif olunan 3, 6, 11 və 14-cü dəyişiklər ümumiyyətlə Rusiya
nümayənədə heyətinin AŞ PA-da səlahiyyətləinin ləğvini nəzərdə
tuturdu. Bu dəyişikliklərin heç biri səsvermədə Assambleya
tərəfindən qəbul olunmadı.
Qətnamə layihəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyi
dəstəklənir.
Qətnamə layihəsində deyilir: "Assambleya hesab edir ki, Krımın
işğalına, xüsusilə Ukrayna ərazisinin hərb yoluyla işğalına, eləcə
də qondarna referendumun nəticələrinin tanınması və Krımın Rusiyaya
birləşdirilməsinə gətirib çıxaran Rusiyanın hərəkətləri beynəlxalq
hüququn, o cümlədən BMT Xartiyası və Helsinki Yekun Aktının
pozulmasıdır. Bundan əlavə, Rusiyanın hərbi fəaliyyəti bir tərəfdən
Rusiya, Böyük Briyaniya və ABŞ-la digər tərəfdən isə, Ukrayna,
Belarus və Qazaxıstan arasında 1994-ci ildə imzalanmış memorandumun
da pozulmasıdır. Bu hərəkətlər habelə Avropa Şurasının
Nizamnaməsinə, xüsusilə onun Preambulasına və 1996-ci ildə
Rusiyanın təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərə də
ziddir".
Bundan əlavə, Assambleya növbəti qış sessiyasına kimi
Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi,
eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına
qərar verib.
Assambleya, həmçinin Rusiya nümayəndə heyəti üzvlərinin seçkiləri
müşahidə missiyalarında iştirak hüququnu da dondurur.
Sonda qətnamə layihəsində Assambleya Monitorinq Komitəsini 2013-cü ilin avqust ayından etibarən baş qaldıran münaqişə ilə bağlı məsələləri araşdırmaq məqsədilə Alt komitənin yaradılmasını nəzərdən keçirməyə dəvət edib.
Səsvermədən sonra Avropa Şurasında jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya nümayəndə heyətinin sədri Aleksey Puşkov bu sessiyanı tərk edəcəyini bildirib.
Rusiya nümayəndə heyətinin bundan sonrakı fəaliyyəti, o cümlədən iyun sessiyasında iştirakına dair məsələyə nünasibət bildirərkən A.Puşkov bildirib: "AŞ PA-nın işində iştirak edib-etməmək hüququnu özümüzdə saxlayırıq. Biz fəaliyyətimizi davam etdirmək və ya təşkilatı tərk etməklə bağlı qərarı özümüz verəcəyik. Bununla bağlı qərar 2-3 həftəyə verilə bilər və AŞ PA rəhbərliyi bu barədə məlumatlandırılacaq".