Əlaqə Arxiv
news Image
2014.04.14
17:52
| A A A
Suriya ermənilərinin Qarabağa köçü ilə bağlı XİN-dən açıqlama
Elman Abdullayev: "“Beynəlxalq təşkilatlara Suriyadakı ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi ilə bağlı məktublar göndərilir"

Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi prosesi davam edir. Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi genişlənib. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə , Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Son məlumatlara görə, Zəngilan şəhərində Suriyadan gələn ermənilərə 12 mənzilin açarlarının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib. Erməni qaynaqlarına istinadən xəbər verilir ki, bununla da Zəngilan rayonu ərazisində qanunsuz məskunlaşmış 30 suriyalı erməni ailəsinin hamısı mənzillə təmin edilib. Bir neçə həftə əvvəl isə qalan suriyalı ermənilərə mənzillər təqdim edilmişdi.  Erməni işğalçılarının Zəngilanda yaratdıqları administrasiyanın "rəhbəri" Ruben Matevosyan deyib ki, hazırda bu rayonda məskunlaşmaq istəyən başqa suriyalı erməni ailələri də var. Rayonda məskunlaşdırılan suriyalı erməni ailələrinə pulsuz torpaq sahələri verilib. Suriyalı ermənilər işğal altındakı Laçın və Kəlbəcər rayonlarında da məskunlaşdırılır.Suriyanın Kasab şəhərinin Bəşər Əsəd tərəfdarları tərəfindən ələ keçirilməsindən sonra burada məskunlaşan minlərlə erməni ailələri buranı tərk etmək məcburiyyətində qalıb. Rusiyanın Xarici İşlər Nazirinin müavini Qennadi Qatılov Birləşmiş Millətlər Təşkilatını təqribən 80-ə yaxın dinc sakinin ölümü ilə nəticələn həmin hücumu müzakirə etməyə çağırıb. Döyüşçülərin hücumu nəticəsində Kasab şəhəri demək olar ki, təmamilə dağıdılıb. İnternetdə bu şəhərdə gedən döyüşləri əks etdirən videokadrlar yayılıb. Sakinlərə isə bir neçə gün əvvəl ələ keçirilən qonşu Latakiya şəhərində yerləşməyə imkan verilib. Şəhər sakinlərinin sözlərinə görə, döyüşçülər Türkiyədən gəlmişdi. Amma rəsmi Ankara bu məlumatı təkzib edib. Bundan əlavə informasiya resurslarında dolaşan məlumatlara görə, Suriyadan çıxan erməni ailələri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürlər. Daha dəqiq desək, iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verildiyi barədə məlumat yayılıb. Tikinti işini aparan təşkilatın sədri belə tikintilərin davam etdiriləcəyini bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən isə qanunsuz köçürülmə ilə bağlı beynəlxalq təşkilatların tez-tez bu barədə məlumatlandırıldığı bildirilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, qanunsuz köçürmə ilə bağlı beynəlxalq ictimaiyyət, təşkilatlar qarşısında məsələ qaldırılır: "Beynəlxalq təşkilatlara Suriyadakı ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi ilə bağlı məktublar göndərilir. Məqsədimiz beynəlxalq qurumları bu barədə məlumatlandırmaq, diqqətlərini bu məsələyə çəkməkdir. Biz də istəyirik ki, beynəlxalq təşkilatlar bu məsələyə diqqət ayırsın".

Fakt araşdırıcı missiyanın Azərbaycan torpaqlarına qanunsuz köçürmə ilə bağlı araşdırma aparmasına gəlincə, E. Abdullayev bu məqsədlə aidiyyatı qurumlara, beynəlxalq təşkilatlara məktublar göndərildiyini söyləyib. 


Sizin Reklam Yeriniz