Əlaqə Arxiv
news Image
2014.04.14
18:48
| A A A
Dini komitə “nurçular”dan götürülən kitabları araşdırır
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "nurçular"ın toplaşdığı yerdən götürülən ədəbiyyatın hərtərəfli ekspertizasını keçirəcək. Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 12-də Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı müvafiq sahələr üzrə ekspert qismində iştirak edib. Məlum olub ki, "nurçu" təriqətinin "Mustafa Sungur camaatı" və ya "klassik" kimi tanınan cərəyanın  nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin müvafiq tələbinin ("bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər") pozulmasına münasibət bildiriləcək. Eyni zamanda sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dini Komitə əvvəllər nurçu ədəbiyyatının çapına icazə verib. Lakin əldə etdiyimiz məlumata görə yeni sədr gəldikdən sonra son iki ildə zərərli təbliğatlı nurçu ədəbiyyatının ölkəyə gətiriməsi və çapına icazə verilməyib.


Sizin Reklam Yeriniz