Əlaqə Arxiv
news Image
2014.04.16
17:31
| A A A
Aqrar sektorda kredit ittifaqlarının yaradılması gecikir
Vüqar Bayramov: «Fermerlər sahibkarlıqla məşğul olmaq üçün kredit ittifaqları yaratmaq və ondan istifadə etmək hüququna malikdirlər» Ruslan Atakişiyev: «Azərbaycanda kredit ittifaqlarının təşkil olunması üçün ciddi problemlər yoxdur»

Bir sıra Qərb ölkələrində maliyyə, satış, emal və bu qəbildən olan problemlərini səmərəli şəkildə həll etmək üçün fermerlərin birləşərək kredit ittifaqları yaratmaları təcrübəsindən geniş istifadə olunur. Ekspertlər isə  Azərbaycanda da fermerlər arasında bu cür ittifaqların yaradılmasının zəruri  olduğunu düşünürlər. 

Bu gün kredit ittifaqları yaradılması ənənəsinin demək olar ki, bütün dünya ölkələrində inkişaf etdiyini deyən iqtisadçı Vüqar Bayramov Azərbaycanda da bu cür ittifaqların yaradılması üçün büdcədən əlavə gəlir mənbələrinə ehtiyac olduğunu düşünür: "Kredit ittifaqlarının yaradılması ənənəsi bu gün demək olar ki, bütün inkişaf etmiş ölkələrdə var. O cümlədən ABŞ-da ciddi şəkildə inkişaf edib. Azərbaycanda da kredit ittifaqları haqda qanun var və kredit ittifaqlarının yaradılması bu qanuna əsasən həyata keçirilir. Qanuna  görə, kredit ittifaqlarının yaradılması, eyni zamanda yaradılan kredit ittifaqlarına məsul olan qurum Mərkəzi Bankdır. Mövcud qanunvericiliyə əsasən, kredit ittifaqları fiziki şəxslərinin və ya ciddi sahibkarlıq subyektlərinin birgə yaratdıqları bank olamayan kredit təşkilatlarıdır. Bunlar sərbəst pulların bir araya gətirilməsindən ibarətdir.  Fermerlər sahibkarlıqla məşğul olmaq üçün kredit ittifaqları yaratmaq və ondan istifadə etmək hüququna malikdirlər. Aqrar sektorda kredit ittifaqlarının yaradılması vacibdir. Bunun üçün büdcədən kənar, yəni, subsidiyadan kənar, eyni zamanda birbaşa satışdan kənar əldə edilən gəlir mənbələrinin artırılmasına ehtiyac var. Biznes nümayəndələri  kredit ittifaqları yaradaraq öz sərbəst vəsaitlərini ittifaqda formalaşdıra və bununla təbii ki, həmin vəsaitlərdən kredit forması və ya maliyyə resursu kimi istifadə etmək imkanı əldə edə bilərlər. Məsələ bundan ibarətdir ki, bir neçə şəxs bir araya gəlib kredit ittifaqı yaradır. Bu ittifaqa heç kənd təsərrüfatı ilə əlaqəsi olmayan şəxslər də cəlb oluna bilər. Bununla əlavə vəsait formalaşdırılır və formalaşdırılmış vəsait də birbaşa aqrar sektorda müxtəlif işlərin maliyyələşdirilməsi, istehsalın genişləndirilməsində istifadə edilə bilir. O baxımdan aqrar sektorda kredit ittifaqlarının formalaşdırılması fermer təsərrüfatlarının maliyyə imkanlarının genişləndirilməsinə, bununla da kənd təsərrüfatının inkişafına müsbət təsir göstərə bilər".   

"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru  Ruslan Atakişiyev isə bildirir: "Bu gün Azərbaycanda borc kapitalı kimi əsasən kommersiya banklarının vəsaitləri çıxış edir. Eyni zamanda hazırda bank olmayan kredit təşkilatları vasitələri ilə də vəsait cəlb olunur. Bu gün bank olmayan kredit təşkilatları fəaliyyətlərinin başlıca istiqamətlərindən biri də regionlarda müxtəlif investisiya qoyuluşlarıdır. Əslində, Azərbaycanda kredit ittifaqlarının təşkil olunması üçün ciddi problemlər yoxdur.  Sadəcə olaraq,  fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün maliyyə bazarında tələb olunan maliyyə ehtiyaclarına uyğun vəsaitlərin həcmi artırılmalıdır. Həmçinin də ölkədə maliyyə alətlərinin sayı çoxaldılmalıdır. Maliyyə mənbələri, instituları formalaşdırılmalı, həmçinin, fermerlərin maliyyə mənbələrinə çıxışları artırılmalıdır. Maliyyə təşkilatları tərəfindən  fermerlərin məlumatlandırılması, maliyyə idarə olunması sahəsində treninqlərin keçirilməsi və. istiqamətində işlərin aparılmasına böyük ehtiyac var".   


Sizin Reklam Yeriniz