Tarif siyasəti ilə əlaqədar Azercell-in rəsmi bəyanatı
Azercell Telekom MMC trafik mübadiləsi üzrə
qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər
Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyir, çünki, sözügedən
qərar ilk növbədə abunəçilərin maraqlarına qulluq edir.
Mobil rabitə bazarının lider
şirkəti olaraq biz müştərilər üçün "qiymət-keyfiyyət" nisbətinin
əhəmiyyətini dərindən anlayırıq. Biz abunəçilərimizin
gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün planlı
şəkildə, daim öz tariflərimizi yeniləyirik. Hal-hazırda mobil
bazarın bir oyunçusu ilə fəal danışıqlar mərhələsindəyik. Sözügedən
şirkətlə bizim aramızda trafik mübadiləsi üzrə "assimetrik tarif"
tətbiq olunur: bu o deməkdir ki, tərəfimizdən həmin operatorun
şəbəkəsinə göndərilən trafikin tarifi, onun bizə göndərdiyi
trafikin tarifindən daha yüksək təyin olunub. Azercell Telekom
həmin operatora dəfələrlə müraciət edərək, trafik mübadiləsi üzrə
tarif siyasətinə yenidən baxılmasını təklif etmiş, tariflərin
bərabər səviyyəyə gətirilməsinə, mobil xidmətlər bazarında isə
rəqabətin güclənməsinə təkan verəcək addımların atılmasına
çağırmışdır. Biz qeyd olunan danışıqların təşəbbüskarı kimi çıxış
edərək, səylərimizin müvafiq dəstək alacağına inanırıq, çünki bu
səylər birbaşa olaraq bütün operatorların abunəçiləri üçün faydalı
sayılan şəbəkəxarici zənglərin tariflərinin endirilməsinə xidmət
edir.
Biz mövcud vəziyyətin qısa müddətdə həll
olunmasında əminik: fikrimizcə, bazardakı bütün oyunçuların
fəaliyyəti, nəticə etibarı ilə, müştərilərin daha müsbət təcrübə
ilə üzləşməsinə və onlara göstərilən xidmət səviyyəsinin
təkmilləşməsinə təsir etməlidir. Bu hadisələrin müsbət məcrada
inkişafı, bizim şəbəkədaxili tariflərin tətbiqində çevik olduğumuz
kimi, şəbəkəxarici tariflərdə də eyni, müştəri yönlü yanaşmanı
tətbiq etməyə imkan verəcək. Misal üçün, yalnız ötən il ərzində
3-cü dəqiqədən sonra pulsuz danışıq fürsəti yaradan Bölgə tərifi
çərçivəsində endirimlər 50%-dan çox təşkil etmiş, nəticədə isə bu
tarif bir milyondan artıq abunəçini cəlb etmişdir. Məhz bizdə üç
milyondan artıq abunəçi, yəni abunə bazamızın 70%-i, 3-cü dəqiqədən
sonra sıfır tarifi ilə danışır: bunların bir milyonu regional,
digər iki milyonu isə gənclər üçün tariflərdən yararlanırlar.
Şirkətimiz müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir:
tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, bölgə
sakinləri – hər bir abunəçi özünə daha sərfəli olan tarifi
rahatlıqla seçə bilər.
Tariflərin aşağı salınması ilə bərabər, Azercell daim
öz şəbəkəsinin və müştəri xidmətlərinin təkmilləşdirilməsinə, yeni
innovativ xidmətlərin yaradılmasına vəsait yatırır. Şirkətimiz
bundan sonra da bütün abunəçilərə ən sərfəli və keyfiyyətli xidmət
göstərmək naminə səylərini davam etdirəcək.