Əlaqə Arxiv
news Image
2014.04.26
10:00
| A A A
Azərbaycanla Niderland miqrasiya sahəsində “dəyirmi masa” keçirib
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin, bu ölkənin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maasın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , səfirlikdən verilən məlumata görə, miqrasiya sahəsində əməkdaşlıq mövzusuna həsr olunmuş tədbiri açan səfir Mir-Həmzə Əfəndiyev Azərbaycan ilə Niderland arasında münasibətlərin davamlı inkişafda olduğunu vurğulayıb. Diplomat bu ilin yanvarında Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutte ilə görüşünün, dövlətimizin başçısının cari ilin martında Niderlanda işgüzar səfərinin, eləcə də Krallığın xarici işlər naziri Frans Timmermansın respublikamıza ilk rəsmi səfərinin, o cümlədən ölkələrimiz arasında təşkil olunan biznes forumların və yüksək səviyyəli digər tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Niderlandın Repatriasiya və Geri Qaytarma Xidməti ilə səfirlik arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu diqqətə çatdıran diplomat əlaqələrimizin daha da inkişafında Krallığın maraqlı olduğunu bildirib. Həmçinin DMX-nin rəisi Firudin Nəbiyevin Niderlanda səfəri çərçivəsində keçirilən görüşlərin bu sahədə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət daşıdığını bildirən Firudin Nəbiyev səfər çərçivəsində keçirilmiş görüşlərin məhsuldar olduğunu söyləyib. Xidmət rəisi, həmçinin qeyd edib ki, sürətli sosial-iqtisadi inkişafla yanaşı, energetika və nəqliyyat sahələrində beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması, habelə Azərbaycanın əlverişli geosiyasi mövqeyi ölkəmizdə miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Nəticədə Azərbaycan miqrasiya nöqteyi-nəzərindən mənşə ölkədən təyinat ölkəsinə çevrilib.

Daha sonra tərəflər Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsinin növbəti mərhələsi, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, eləcə də Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən vacib görüşlərin nəticələri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilərək müvafiq qaydada tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Rodia Maas deyib ki, ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlıq nümunəvi xarakter daşıyır. Bu səbəbdən miqrasiya sisteminin təkmilləşdirilməsi, ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq müqavilələrin bağlanması vasitəsilə digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin müvafiq aspektlərinin əlaqələndirilməsi vacib məsələyə çevrilib.

"Dəyirmi masa"da birgə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrə töhfə verməsi baxımından belə görüşlərin davamlı olmasının vacibliyi vurğulanıb.


Sizin Reklam Yeriniz