Əlaqə Arxiv
news Image
2012.06.25
14:35
| A A A
«Yaxın vaxtlarda «Vodafone Qatar» şirkətinin «Qarabağ Telekom»la əməkdaşlığına son qoyulacaq»

Yaxın vaxtlarda Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni (lisenziyasız) fəaliyyət göstərən "Qarabağ Telekom" mobil rabitə operatorunun Qətərin "Vodafone Qatar" şirkəti ilə əməkdaşlığına son qoyulacaq.

"APA-ECONOMICS"in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl-Cabir Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüş zamanı bildirib.

Görüş zamanı Ə.Abbasov H.əl-Cabirə məlumat verib ki, hazırda Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazisində qeyri-qanuni fəaliyyət göstərən "Qarabağ Telekom" mobil rabitə operatoru "Vodafone Qatar" şirkəti ilə əməkdaşlıq edir və artıq bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Qətər hökumətinə müvafiq müraciət olunub: "Sizə bir daha müraciət edərək xahiş edirəm ki, bu məsələ ilə bir daha maraqlanıb sözügedən əməkdaşlığa xitam verəsiniz. Ümidvaram ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələ Azərbaycanın xeyrinə tezliklə həll olunacaq".

H.əl-Cabir sözügedən məsələdən xəbəri olmadığını bildirsə də qeyd edib ki, "Qarabağ Telekom"la əməkdaşlıq edən şirkət ölkə siyasətinə zidd fəaliyyət göstərməyəcək: "Yaxın vaxtlarda ölkələrimizin siyasətinə xələl gətirəcək hər bir işin qarşısı alınacaq və sözügedən əməkdaşlığa son qoyulacaq".

Qeyd edək ki, "Qarabağ Telekom" 80 ölkənin 120 mobil rabitə operatoru ilə rouminq müqaviləsi imzalayıb.

Sizin Reklam Yeriniz