Əlaqə Arxiv
news Image
2014.04.30
15:55
| A A A
Bakıda 2018-ci ilədək lisenziyası olan klinika niyə bağlandı-SƏBƏB
Anar Qədirli: "“Medi Sina” Tibb Mərkəzinin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən dayandırılmayıb"

Səhiyyə Nazirliyi əməliyyat masasında dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu "Medi Sina" Tibb Mərkəzinin fəaliyyətini dayandırması xəbərinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib ki, "Medi Sina" Tibb Mərkəzinin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən dayandırılmayıb: "Bu klinikanın lisenziya müddəti 2018 -ci ilə qədərdir.  Prokurorluq tərəfindən də  klinikanın fəaliyyətinə qadağa qoyulmayıb. Yəni məhkəmənin bununla bağlı qərarı yoxdur".

Movqe.az klinikanın məhkəmə qərarı olmadan, nazirlik tərəfindən fəaliyyətinə xitam verilmədən bağlanılmasının səbəbini araşdırarkən maraqlı fakt üzə çıxıb. Klinikada fəaliyyət göstərən işçilərdən biri Movqe.az-ın əməkdaşına bildirib ki, "Medi Sina"nın fəaliyyətinin dayandırılmasına sahibkar özü qərar verib: " Baş verən məlum hadisədən sonra klinikaya güvən azalmışdı. Peşəkar həkimlərlə əməkdaşlıq etsək də, insanlar bizim klinikanın adı gələndə dala çəkilirdilər. Ümumiyyətlə pasiyentlərin sayı kəskin azalmışdı. Klinikanın sahibi bağlamaq qərarına gəldi. Onsuz da qazanc gətirmirdi". 

Qeyd edək ki, "Axar.az"a açıqlamasında hüquqşünas Səməd Vəkilov "Medi Sina" klinikasının bağlanıldığını söyləyib. Onun sözlərinə görə, aprel ayının əvvəllərində sözügedən cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq yenidən araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna verilib. Hazırda işi müstəntiq Vaqif Süleymanov araşdırır. Onun təcrübəli müstəntiq olduğunu deyən S.Vəkilov sözügedən çinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar veriləcəyinə ümid etdiklərini vurğulayıb. Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. Çinayət işinin başlanmasından az sonra klinikanın baş həkimi Abbas Bağırov vəzifəsindən istefa verib. Bundan sonra Elman Səfərov "Medi Sina"ya baş həkim təyin edilib. Hazırda isə klinikanın ümumiyyətlə fəaliyyətini dayandırdığı təsdiqlənib. Tibb Mərkəzinin bağlanması məhz mərhum Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində həyatını itirməsinə səbəb olması ilə bağlıdır.


Sizin Reklam Yeriniz