Əlaqə Arxiv
news Image
2014.05.09
17:04
| A A A
Müəllim işləmək istəyənlər üçün yeni TƏLƏBLƏR

Təhsil Nazirliyi bu ilin iyununda Azərbaycanda iş yerlərini dəyişmək istəyən müəllimlər üçün yeni formada keçiriləcək müsabiqənin tələblərini açıqlayıb. Movqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən xəbərinə görə, təhsil nazirinin 24 aprel tarixli 445 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə əlaqədar qaydalarda hazırda təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üzrə də yeni mexanizmlər nəzərdə tutulub.Belə ki, daimi əsaslarla işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi təhsil müəssisəsinin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçiriləcək. İş yerini bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər isə Təhsil Nazirliyinə müraciət etməli olacaqlar.Həmin müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər üçün xüsusi tələblər irəli sürülməsə də, bu proses zamanı onların peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı xüsusi qaydada qiymətləndiriləcəkdir. Müsabiqənin sonrakı illərdə də bu formada keçirilməsi nəzərdə tutulur. Lakin gələcəkdə dəyişən reallıqlara müvafiq olaraq bu qaydalarda dəyişikliklərin olması ehtimalı hər zaman  mövcuddur.

Qeyd edək ki, ötən il Təhsil Nazirliyi tərəfindən 3286 vakant yer müsabiqəyə çıxarılıb.  Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar bu il vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır. Keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub.Bölgələrdə vakant yerlərin çox olması buradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əmək haqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır.

Sizin Reklam Yeriniz