Əlaqə Arxiv
news Image
2014.05.14
17:23
| A A A
Bakı buxtasından keçəcək möhtəşəm dənizaltı yolun sxemi-Fotolar-Eksklüziv
Cahangir Qocayev: «Bu tunelin tikilməsi ilə gələcəkə dənizin səviyyəsinin qalxacağı təqdirdə bulvarı su basma təhlükəsi aradan qalxacaq» Ömər Qoçu: «Bu, həm şəhərin memarlıq palitrasını zənginləşdirər, həm onun müasir simasına yeni naxışlar vura bilər»

Bakı buxtası ilə yeraltı tunelin çəkilməsi reallaşacağı təqdirdə Azərbaycanda icra olunan daha bir möhtəşəm layihə kimi tarixə düşəcək. Yaxın gələcəkdə tikilməsi nəzərdə tutulan tunelin Bakı buxtasının iki tərəfini birləşdiricək ən uzun avtomobil tuneli olacağı bildirilir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Movqe.az-a açıqlamasında qeyd edir ki,  Bakı buxtasında çəkiləcək tunel şəhərin mərkəzi hissəsinin 1550 hektarlıq hissəsinin müfəssəl planı hazırlanarkən onun tərkib hissəsi kimi nəzərdə tutulub. "Dalğa Plaza"dan başlanacaq və Dəniz Vağzalının köhnə binasınadək davam edəcək tunel Nobel prospektinə çıxacaq. Tunelin uzunluğu 4,2 kilometrdən çox olacaq.

Cahangir Qocayev sözügedən tunelin tikilməsinin paytaxt üçün bir sıra üstünlüklər gətirə biləcəyindən danışıb: "Bu tunelin tikintisi əvvəla Neftçilər prospektində sıxlığı xeyli azaldacaq. İkincisi, ilin bütün fəsillərində, iqlimin necə olmasından asılı olmayaraq, daim fəaliyyətdə olan bir yol olacaq. Üçüncü müsbət tərəfi o olacaq ki, bu tunelin tikilməsi ilə gələcəkə dənizin səviyyəsinin qalxacağı təqdirdə  bulvarı su basma təhlükəsi aradan qalxacaq və bu tunel eyni zamanda bir mühafizə qurğusu kimi də fəaliyyət göstərəcək. Digər tərəfdən, bunun tikilməsi ilə əlaqədar olaraq bulvarın eni bir xeyli, təxminən orta hesabla 100 metrə qədər artacaq. Bu da bulvarda xüsusən isti yay aylarında yaşanan sıxlığın aradan qaldırılmasına müsbət təsir edəcək. Bundan əlavə, tikiləcək tunel  buxtanın sanitar-ekoloji cəhətdən təmizlənməsi üçün bir başlanğıc, şərt olacaq. Eyni zamanda gələcəkdə buxtanın çirklənməsinin qarşısı  da birdəfəlik alınacaq. Çünki, buxta təmizlənəcək və indiyə qədər buxtaya axıdılan bəzi çirkab, tullantı sularının da qarşısı birdəfəlik alınacaq. Beləliklə, biz tunelin tikintisi ilə bir neçə problemin həllinə nail olmuş oluruq". 

Əməkdar memar Ömər Qoçu da məsələ ilə bağlı Movqe.az-a açıqlama verib. Memar sualtı tunelin tikilməsi layihəsini yüksək qiymətləndirərək, onu qənaətbəxş hesab etdiyini bildirib: "Son illərdə paytaxtımızda aparılan geniş quruculuq işləri, memarlıq palitrasının zənginləşməsi bir memar olaraq  məni də sevindirir. Şəhərimizə gələn qonaqlar da bunu müsbət qarşılayır. Hamı Bakıya heyran qalır. O cümlədən gələcəkdə şəhərimizin görkəminə yeniliklər gətirəcək memarlıq incilərinin tikilməsi, əlbəttə ki, çox qənaətbəxşdir. Son illərdə paytaxtımızda aparılan quruculuq işlərinin əsas  məğzini yenidənqurma işləri təşkil edir. Çünki, sovet dönəmindən bəri əl vurulmamış problemlər indi-indi üzə çıxır və yavaş-yavaş öz həllini tapır. Bu da qeyd etdiyim kimi, sevindirici haldır. Həm şəhəri gözəlləşdirir, həm də insanların firavan yaşamasına şərait yaradır. Şəhər nəqliyyat sisteminin yenidən işlənməsi ilə, körpülərin, yol qovşaqlarının salınması ilə isə, şəhərin bir növ nəqliyyat arteriyaları dəyişdirilir. Son vaxtlar belə bir fikir də var idi ki, Lökbatan qəsəbəsindən Abşeron yarımadasının uc nöqtəsinə qədər estakada üzərində körpü olaraq böyük bir magistral yol salınsın. Çünki şəhərdə nəqliyyat problemləri getdikcə çoxalır. Belə ki, əhali sıxlaşır, maşınların, nəqliyatın sayı artır. Bununla da təbiidir ki, nəqliyyatn intensivliyi bizi bir sıra problemlərlə üzləşdirir. Yəni, şəhərə daxil  olmadan, paytaxtın qaynar həyatına daxil olmadan şəhərətrafı yolların da salınması bu qəbildən olan işlərdir. O ki qaldı sualtı, dənizaltı tunelin salıması, bu da çox maraqlı ideyadır. Dünya təcrübəsində də var. Məsələn, Lamanş boğazının altından belə gözəl bir tunel çəkilibdir. Bir zamanlar biz onu fövqəladə bir hal kimi qəbul edirdik. Ağlımıza fantastik kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz kadrlar gəlirdi. Bunu kosmosa uçuş kimi bir şey hesab edirdik. Amma həqiqətən bu gün onun şahidiyik. Eləcə də İstanbulda Boğazda salınmış sualtı dəmiryolu tunelini də buna misal göstərmək olar. Bu, həm şəhərin gözəlliyi baxımından öz bəhrəsini verir, həm də iqtisadi cəhətdən sərfəlidir. Eyni zamanda həm müəllif zəkası nöqteyi-cəhətdən təntənədir, həm də ki, müasir dövrün tələblərinə uyğun inkişafdan xəbər verir. 

Ona görə də mən Bakı buxtası ilə yeraltı tunelin çəkilməsi ideyasını alqışlayıram. Layihənin çox böyük mənfəət və rahatlıq gətirəcəyinə inanıram.  Bu, həm şəhərin memarlıq palitrasını zənginləşdirər, həm onun müasir simasına yeni naxışlar vura bilər. Onu da qeyd edim ki, tunel çəkilən sahə dənizdə o qədər də dərin deyil. Yəqin ki, Lamanş qədər çətin başa gəlməz. Mühəndislərimizin də təxəyyülü bu məsələni müsbət yöndə həll etməyə imkan verir". 


Sizin Reklam Yeriniz