Şeyxin səhhəti ilə bağlı QMİ-dən - Açıqlama
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat
Xidmətinin rəhbəri Rəhimə Dadaşova mətbuatda QMİ sədrinin
səhhətində ciddi problemlərin olması və bununla əlaqədar olaraq
vəzifəsindən gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət
bildirib. R. Dadaşova
"Qafqazinfo"ya açıqlamasında bildirib ki, bütövlükdə həqiqətə uyğun
olmayan informasiyalar QMİ-yə və dini liderə qarşı qərəz
seriyasından növbəti ciddi addım kimi qiymətləndirilir: "QMİ və
onun rəhbəri din-dövlət münasibətlərinin yüksək səviyyədə olması,
dini dəyərlərin milli-mənəvi maraqları layiqli şəkildə qorunub
saxlanaraq inkişaf etdirilməsi istiqamətində hətta gənclərin belə
qibtə edəcəyi səviyyədə böyük şövqlə səy göstərir. Son günlər dini
maarifləndirmə istiqamətində keçirilən tədbirlər də bunun əyani
sübutudur. Görünür, elə bu fakt bədxahları narahat edir. Reytinq
xatirinə sensasiya ardınca qaçıb anonim informasiyalar çap edərək
özlərini nüfuzdan salmasınlar".