Əlaqə Arxiv
news Image
2014.05.21
17:26
| A A A
Gənc ifaçılar Ulu öndərin xatirəsinə həsr olunmuş konsert veriblər

Kamera və orqan musiqi zalında Səbail rayonu Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş konserti keçirilmişdir. Konsert ərəfisində böyük hazırlıq işləri aparılmış, eyni zamanda onun keçirilmə məkanı da xüsusi olaraq seçilmişdir.


Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən konsertdə məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərin ifalarını respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkeçtri müşayət edirdi.


Konsert proqramında məktəbin müxtəlif siniflərində oxuyan şagirdlər – fortopianoda Elvin Əliyev, Fidan Nəbiyeva, Faida Həsənli, Reyhan Abdulcəlilova, Xədicə Qasımzadə, Aydan Əliyeva, Leyla Tomayeva, Səbinə Abbasbəyli, Tamila Əhmədova, Məlik Cəfərov, Dilarə Ulu, skripkada Firuzə Əliyeva, Elvina Qurbanova, Nigar Şibliyeva, kamançada Zabitə Nəsirli, tarda Rauf Nəcəfov, Əli Məlikov, məktəbin skripkasılar ansamblının çıxışları toplaşanların alqışları ilə qarşılanmışdır.


Tədbirin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında mahnılar səslənmişdir.


Tədbirdə iştirak edən qonaqlar məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndirdilər və onlara yaradıcılıq uğurları arzuladılar.


R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının mütəmadi olaraq davam etdiriləcəyini bildirmişdir.


Qeyd olunmalıdır ki, Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbi 1940-cı il sentyabrın 1-də fəaliyyətə başlamışdır. Məktəbdə hazırda 385 nəfər şagird təhsil alır. 75 nəfər ali təhsilli pedaqoq fortepiano, skripka, tar, kamança, balaban, klarnet, fleyta, vionelçel, akkordion, qanon, nağara və s. ixtisasları üzrə şagirdlərə dərs deyir. Məktəbdə həm də xor, xalq çalğı alətləri və skripkaçılar ansamblı fəaliyyət göstərir.


Respublikanın əsas simfonik və kamera orkestrlərinin aparıcı solistləri, həmçinin xalq artisti Şəfiqə Eyvazova, əməkdar artistlər Eyyub Yaqubov, Elnur Həmidov (kamança), Zaur Əmiraslanov və Fərqanə Qasımova, populyar müğənnilər Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov, bu müsabiqənin iştirakçıları Aysel Teymurzadə, Fərid Məmmədov, Safura Əlizadə, bəstəkar Aydın Əzimov, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış musiqiçilər məktəbin məzunlarıdır.

Sizin Reklam Yeriniz