Əlaqə Arxiv
news Image
2012.06.29
09:09
| A A A
Bakı şəhərini hələ çox köçürülmələr gözləyir
"Uzun müddətdir ki, Bakı şəhərində və onun ətrafında tikililərlə bağlı ciddi ajiotaj yaradılıb"

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncamından irəli gələn məsələlərə aydınlıq gətirib.

"Uzun müddətdir ki, Bakı şəhərində və onun ətrafında tikililərlə bağlı ciddi ajiotaj yaradılıb. Bu ajiotajın bəzi səbəbləri bizə bəllidir - insanlar yaşadıqları yerdən ayrılmaq istəmir, amma müəyyən qismi də subyektiv mülahizələr əsasında ayrı-ayrı qüvvələrin təhriki ilə xüsusi məqsədlər üçün yönəldilərək ajiotaj yaradırlar", - bunu jurnalistlərə sərəncamı şərh edərkən Həsənov deyib.

PA rəsmisi bildirib ki, Bakı şəhərinin ötən onilliklərdə baş planı tamamilə pozulub.

"On, on beş bina tikiləcək məhəllədə daha artıq bina tikilib. İnsanların sayına müvafiq olaraq, yol, su, nəqliyyat infrastrukturları müvafiq qaydada olmalıdır. Şəhərin digər zəruri ehtiyacları üçün meydanlar, parklar, yaşıllıqlar, məktəblər, bağçalar və sair mövcud olmalıdır. Amma ötən qeyd olunan müddətdə bu sistemin hamısı pozulub. Bunlardan başqa, şəhərdə bütün sənaye əhəmiyyəti kəsb edən torpaqlar, məsələn, neft-qaz yataqları üzərində olan torpaqlar, şəhəri elektrik enerjisi ilə təmin edən aparıcı elektrik xətlərinin altında olan torpaqlar, şəhəri digər zəruri ehtiyaclarla təmin edən böyük boruların və digər infrastrukturların üzərindəki torpaqlar ayrı-ayrı insanlar tərəfindən qanuni, yarı qanuni, yaxud da ki, qeyri-qanuni şəkildə ələ keçirilib. Həmin sahələrdə hakimiyyət orqanlarının bəzi strukturlarının icazəsi olaraq, yaxud da icazəsi olmadan hansısa əyri yollarla evlər tikilib. Bütün bunların aradan qaldırılması da tək Bakı Şəhər İcra Hakimiyyətinin gücü çərçivəsində deyil", - Həsənov deyib.

Onun sözlərinə görə, Prezident bu komissiyanı ona görə yaradıb ki, ölkə səviyyəsində bu məsələnin nizamlanması, vahid taktikanın müəyyən olunması, köçürmə ilə bağlı ayrı-ayrı ərazilər üzrə differensial yanaşmanın metodikasının müəyyən olunması və bunların həyata keçirilməsi təmin olunsun.

"Bakı şəhərini hələ çox köçürülmələr gözləyir. Ona görə gözləyir ki, dediyim kimi, əvvəlki illərdə şəhərin baş planı pozulub, infrastruktur bərbad vəziyyətə gətirilib. Bir insanın məskunlaşdığı ərazi onlarla, yüzlərlə insanın normal yaşamasına mane olur. Ona görə də yüzlərlə, onlarla insanın normal həyatını təmin etmək məqsədilə bir insanı mütləq şəkildə o ərazidən köçürməliyik və ona başqa yerdə yaşayış şəraiti təmin etməliyik. Bütün bu məsələlər komissiyada müvafiq olaraq müzakirə olunacaq, komissiya ayrı-ayrı sahələrə differensial yanaşaraq qərarlar çıxaracaq və o qərarların icrası oradakı sakinlərlə müzakirə olunacaq, daha sonra qərarlar həyata keçiriləcək", - Həsənov deyib.

PA rəsmisi deyib ki, insanlar narazı olmasın deyə, eyni zamanda, köçürmə prosesi yavaşımasın deyə, bu komissiya Bakı Şəhər İcra Hakimiyyətinə və köçürməni həyata keçirən digər dövlət qurumlarına kömək edəcək.

"Komissiya sənədsiz evlərin sənədləşdirilməsini də həyata keçirəcəkmi?" sualına cavabında isə Həsənov bildirib ki, komissiyada sənədsiz evlərin sənədləşdirilməsinə də baxılacaq.

"Əgər insanlar on illərlə orada məskunlaşıb yaşayırsa, onun sənədinin olub-olmaması vəziyyəti heç də yüngülləşdirmir. Söhbət ondan gedir ki, insan orada məskunlaşıb, yaşayır və neçə illərdir ki, oranın sakinidir. Ona görə də bu məsələyə də baxılacaq. Mümkün alternativ variantlar axtarılacaq. Azərbaycan hakimiyyəti üçün əsas maraq vətəndaşların hüquqlarıdır, rifah halıdır, həyat şəraitinin yaxşılaşdırılmasıdır. Qanunlar vasitədir, sadaladığım ali məqsədə xidmət etmək üçün onlar yaradılır. Torpaqlar da insanların ali məqsədinə xidmət etmək üçün boşaldılır. Köçürmələr də buna görə həyata keçirilir ki, ərazidə qalan digər yüzlərlə insan rahat yaşasın. Ona görə də bu sənədsiz evlərin məsələsinə də komissiyada baxılacaq, hakimiyət orqanlarına tövsiyələr hazırlanacaq", - PA rəsmisi bildirib.

Sizin Reklam Yeriniz