Əlaqə Arxiv
news Image
2014.05.23
16:40
| A A A
Məleykə Abbaszadədən keçid balları ilə bağlı açıqlama

"Ali məktəblərə qəbul aparılacaq ixtisaslar üzrə keçid balının necə olacağını indidən deyə bilmərik". Movqe.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədri qeyd edib ki, müsabiqəyə buraxılma üçün tələb olunan bal keçid ballarından fərqlənir: "Müsabiqədə iştirak üçün tələb olunan şərtləri və balı biz əvvəlcədən elan edirik. O balı toplayan abituriyentlər ixtisas seçərək onları ərizələrində qeyd edə bilərlər. Keçid balları isə müsabiqəyə görə formalaşır. Ola bilər ki, bir ixtisasa yüksək bal toplayan çox abituriyent sənəd verə bilər. Digər ixtisasa isə heç kim sənəd vermək istəməz. Buna görə də keçid balının necə olacağını əvvəlcədən deyə bilmərik". M.Abbaszadə qeyd edib ki, 5-10 il əvvəl neft-qaz sahəsi üzrə olan ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti olmayıb. Amma indi bu ixtisaslara çox yüksək müsabiqə vəziyyəti yaranır. TQDK sədrinin sözlərinə görə, ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi barədə qərar da yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra veriləcək: "Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak üçün tələb olunan şərtləri dəyişək. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, topladıqları balla ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçə bilərlər".

Sizin Reklam Yeriniz